
"Qəbələ" İdman Klubu ilə Türkiyənin "Sarar" şirkəti arasında geyim sponsorluğuna dair müqavilə imzalanıb. Sportnet.az-ın məlumatına görə, anlaşma 2 mövsüm qüvvədə olacaq.
Bu müddətdə klubun futbolçu və inzibati heyəti daxili və xarici səfərlər zamanı "Sarar"ın istehsalı olan geyim dəstlərində olacaqlar. Geyimlər hər mövsüm yaz-yay və qış-payız olmaqla, 2 dəst hazırlanacaq. "Sarar" reklamları isə "Qəbələ"nin ev oyunlarının keçirildiyi meydançanın ətrafındakı reklam lövhələrində və oyunsonrası mətbuat konfransında arxa fon lövhəsində yerləşdiriləcək. Eyni zamanda, klubun rəsmi saytında "Sarar"ın virtual banneri yerləşdiriləcək. "Facebook" səhifəsindən isə "Sarar"ın marketinq kampaniyaları vaxtı aktiv istifadə olunacaq.
Bu gün təşkil olunan mərasimdə "Sarar"ın Azərbaycan nümayəndəliyinin rəhbəri Məsut Dəmirtaş forma sponsorluğundan məmnun olduqlarını bildirib. O, "Qəbələ"yə uğurlu çıxışı səbəbindən dəstək verdiklərini bildirib: "İnanırıq ki, "Qəbələ" Avropa Liqasında uğurlu yol keçəcək".
Qeyd edək ki, 1944-cü ildən fəaliyyətə başlayan "Sarar" şirkəti 19 ildir Türkiyənin futbol və basketbol millilərinin, eləcə də "Beşiktaş" və "Trabzonspor"un sponsorudur. Bundan başqa 1997 - 2013-cü illərdə "Qalatasaray" və "Bursaspor" "Sarar"la əməkdaşlıq edib.