Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan "Krasnodar" üçün Rusiya Premyer Liqasının XII turu əlamətdar olub. Sportnet.az-ın məlumatına görə, "Anji" ilə səfər oyunu (2:2) Krasnodarın eyni adlı təmsilçisinin 7 üzvünün yubiley matçına çıxması ilə yadda qalıb.
Müdafiəçi Andreas Qrankvist "Krasnodar"ın heyətində 80-ci, yarımmüdafiəçi Sergey Petrov və hücumçu Ari 75-ci və yarımmüdafiəçi Rikardo Laborde 65-ci oyununa çıxıb.
S.Petrov bununla da Premyer Liqada 100-ci oyununu keçirib. Üstəlik "Anji"yə qarşı oyunda yarımmüdafiəçi Joazinyo 120, yarımmüdafiəçi Yuriy Qazinskiy 60, müdafiəçi Stefan Strandberq isə 10-cu dəfə Premyer Liqa matçında çıxış edib.
Qeyd edək ki, "Qəbələ" Krasnodarda keçirilən ilk oyunda rəqibinə 1:2 hesabı ilə məğlub olub. Cütlüyün cavab görüşü isə dekabrın 10-da keçiriləcək.