"Ruh düşkünlüyünə baxmayaraq, AZAL əzmkar oyun sərgilədi. Ümumilikdə hər iki komandanın ifasında maraqlı, mübarizəli bir oyun gördük". Sportnet.az-ın məlumatına görə, bunu AZAL komandasının baş məşqçisi Tərlan Əhmədov "Neftçi"yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının IX tur matçından sonra deyib.
Onun fikrincə, komandası oyunun taleyini ilk hissədə həll edə bilərdi: "Sadəcə, yaradılan qol vəziyyətlərindən maksimum istifadə edə bilmədik. Fasilədə komandaya əks hücumlarda oynamağı tapşırdım. Eyni zamanda, edilən dəyişikliklər də öz bəhrəsini verdi. Bu qələbəyə görə komandaya təşəkkür edirəm. Artıq "Neftçi” ilə matçı unudub, növbəti tura hazırlaşmaq vacibdir. Biz bəzi səhvləri etməsəydik, indi xallarımız daha çox olardı".
Əhmədov komandada maddi durumun da düzəlmək üzrə olduğunu açıqlayıb: "Maliyyə durumu normallaşmaqdadır. Artıq məşqçilər korpusunun, futbolçuların maaşları ödənilib”.