
"Zirə”nin baş məşqçisi Adil Şükürov "Qəbələ" ilə səfərdə 0:0 hesablı heç-heçəyə nail olduqları Azərbaycan Premyer Liqasının IX tur matçını dəyərləndirib. Sportnet.az-ın məlumatına görə, gənc mütəxəssis qazandıqları 1 xal münasibətilə komandasını təbrik edib.
O bildirib ki, ötən tur "Qarabağ”a məğlubiyyətdən sonra komandanı toparlamaq çətin olub: "Biz bir araya gəlib, gərginliyi aradan qaldırdıq və bu gün həmin işin bəhrəsini gördük. Biz bu gün heyətdə, oyunda dəyişiklik edə bilərdik. Unutmayaq ki, biz avrokubokda mübarizə aparan bir komandaya qarşı mübarizə apardıq. Belə bir görüşdə qapının toxunulmazlığını saxlamaq yaxşı haldır”.
"Daha cəsarətli oynasaydınız, qələbə də qazana bilərdiniz?" sualını isə Şükürov "Bizim minimum vəzifəmiz 1 xal idi. Heyəti də "Qəbələ"nin bir neçə sabiq futbolçusundan qurdum ki, onlar daha əzmkar oynasınlar. "Qarabağ"la əvvəlki qarşılaşmada 1:4 hesablı məğlubiyyətin də psixoloji təsirini nəzərə alsaq, belə bir rəqiblə görüşdən 1 xalla ayrılmaq da uğurdur. İstəyimizə nail olduğumuzu düşünürəm" deyə cavablandırıb.
Qeyd edək ki, "Zirə"nin start heyətində "Qəbələ"nin sabiq oyunçularından qapıçı Anar Nəzirovla yarımmüdafiəçi Tərzin Cahangirov yer alıb.