Bu həftə Azərbaycan Premyer Liqasında 12-ci turun görüşləri keçiriləcək. Milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə ərəfəsində keçiriləcək turun 5 oyunu 3 gün ərzində baş tutacaq. Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən üz-üzə gələcək cütlərin Premyer Liqadakı oyunlarının balansını təqdim edir.
AZAL - "Kəpəz": AZAL indiyədək evdə qol buraxmayıb. Paytaxt təmsilçisi son 4 ev qarşılaşmasında qalib gəlib. Gəncə təmsilçisi 6 səfər oyununda 1 xal qazanıb. Komandalar arasında bugünədək keçirilmiş 13 oyunda 2 dəfə Gəncə təmsilçisi, 9 dəfə isə Şüvəlan klubu qalib olub. Qalan 2 oyun isə heç-heçə başa çatıb.
"Zirə" - "Sumqayıt": Cari mövsümədək qarşılaşmayan komandalar ilk dəfə I dövrədə görüşüb. Həmin oyunda qolsuz heç-heçə ilə kifayətlənən rəqiblər Bakıda ilk dəfə üz-üzə gələcək.
"Xəzər Lənkəran" - "Qarabağ": "Qarabağ" son 6 oyunda meydanı qolsuz tərk etməyib. "Xəzər Lənkəran"ın son 3 ev oyununda hər iki komanda qol sevinci yaşayıb. Tərəflər 33 dəfə üz-üzə gəlib. Bu qarşılaşmaların 16-da "Qarabağ", 12-də isə "Xəzər Lənkəran" qalib olub və 5 qarşılaşmada komandalar sülh bağlayıb.
"Neftçi" - "Rəvan": "Neftçi" son 6 qarşılaşmada "Rəvan"a qalib gəlib. "Rəvan" isə indiyədək səfərdə xal qazana bilməyib. Cütlüyün qarşılaşmasında bugünədək heç-heçə qeydə alınmayıb 9 görüşün 8-də "Neftçi" qələbə qazanıbsa, bir oyunda "Rəvan" qalib olub.
"Qəbələ" - "İnter": Son 4 oyunda hər iki komanda qol vurub. "İnter" son 3 səfər matçında uduzmayıb. 29 oyunun 6-da qələbə sevinci yaşayan "Qəbələ" 14 dəfə meydanı məğlub tərk edib. Qalan 9 xalda isə komandalar meydanı bərabərliklə tərk edib.