Türkiyədə keçirilən "Antalya Cup” turnirinə yekun vurulub. Sportnet.az-ın məlumatına görə, "Qəbələ”nin 15 yaşlılardan ibarət komandası turniri 2-ci pillədə başa vurub.
4 komandanın dairəvi sistemlə 2 dövrədə mübarizə apardığı turnirdə "qırmızı-qaralar” 6 oyun keçirib. Xaqani Məmmədovun baş məşqçisi olduğu komanda I dövrədə Rusiya "Lokomotiv”inə 0:2 hesabı ilə uduzub, Türkiyə "Antalyaspor”una 3:1 hesabı ilə qalib gəldikdən sonra Rumıniya "Dunarea”sı ilə heç-heçə edib – 1:1. Rusiya təmsilçisi ilə ikinci qarşılaşmada da eyni hesabla (0:2) uduzan "qırmızı-qaralar" meydan sahiblərini yenə 3 qolla məğlub edib – 3:2. "Antalya Cup” turnirinin son turu öncəsi "Lokomotiv” 1-ci yeri təmin etdiyindən, Türkiyə klubu isə sonuncu olduğundan "Qəbələ” ilə "Dunarea” arasında qarşılaşma 2-ci yerin taleyinə aydınlıq gətirib. 1:0 hesabı ilə qalib gələn komandamız turnirdə 3-cü qələbəsini qazanıb. Bununla da xal hesabını 10-a çatdıran "Qəbələ” "Antalya Cup”da 2-ci yeri tutub.
Qeyd edək ki, Xaqani Məmmədovun yetirmələri Azərbaycanın U-15 Liqasında keçirdiyi 8 oyunun hamısında qalib gələrək liderlər qrupunda qərarlaşıb.