
"Neftçi” klubunun futbolçusu Flavinyo ötən gün baş tutan "Neftçi” - "Dinamo”
(Kiyev) oyunu ilə bağlı fikirlərini bildirib. Sportnet.az-ın klubun rəsmi
saytına istinadən məlumatına görə, braziliyalı yarımmüdafiəçi matçın nəticəsini
uğurlu hesab edib.
O, bildirib ki, önəmli olan nəticə deyil, komandanın oyunudur: "Bu,
bizim Avstriyada ilk oyunumuz idi. Boludakı
hazırlıqdan sonra yorğunluq fonunda "Dinamo” kimi rəqibə qarşı oynamaq heç də
asan deyil. "Dinamo”nun əsas heyətlə oynadığını nəzərə alsaq, nəticəni uğurlu
hesab etmək olar. Amma bizim üçün önəmli olan nəticə deyil, komandamızın
oyunudur”.
Flavinyo Avrokuboklara yüksək səviyyədə hazırlaşdıqlarını da
vurğulayıb: "Belə güclü rəqiblərlə oynamaq bizim üçün çox xeyirlidir. Oyundan razı qaldım. Bununla belə, daha da hazır vəziyyətdə
olmaq üçün kifayət qədər vaxtımız var. Avrokuboklara yaxşı əhval-ruhiyyədə və
yüksək səviyyədə hazırlaşırıq. Hələ qarşıda bir neçə hazırlıq oyunumuz da var.
Azarkeşlərimiz bilsinlər ki, Avroliqada onları sevindirmək üçün əlimizdən gələni
edəcəyik”.
Qeyd edək ki, "Neftçi” – "Dinamo” (Kiyev) matçı 2:2 hesabı ilə başa çatıb.