Samir Zərgərov "Qəbələ"nin tarixində 100 oyun səddini keçən 4-cü futbolçu olub. Sportnet.az-ın "Qəbələ İK"ya istinadən məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi üçün bu əlamətdar olay diqqətdən kənarda qalmayıb.
Zərgərovun bu əlamətdar göstəricisi "Rəvan"la oyundan öncə stadionda elan olunub və "Qəbələ"nin baş meneceri Zaur Əzizov arxasında 100 yazılmış formanı 29 yaşlı futbolçuya təqdim edib.
Futbolçunun göstəricisinə daha öncə braziliyalı Luis Hilario Dodo, seneqallı Viktor Mendi və Ürfan Abbasov nail olub. Sadəcə, Samir bu 3 futbolçudan fərqli olaraq komandada əvvəllər də çıxış edib. Bu, 2006-09-cu illərə təsadüf edib. Zərgərov "qırmızı-qaralar” güclülər dəstəsində keçirdiyi ilk 3 mövsümdə komandanın şərəfini qoruyub. Ürfan, Dodo və Mendi isə 2011-ci ildə "Qəbələ”yə gəliblər. Sonuncu isə ötən mövsüm komandayla yollarını ayırıb.
"Qırmızı-qara” formada 100-cü oyununa Avropa Liqasının qrup mərhələsində Dortmundda "Borussiya”yla matçda çıxan yarımmüdafiəçinin hesabında 105 matç var. O, bunun çoxunu - 81-ni Premyer Liqada keçirib. Zərgərov "qırmızı-qaralar"ın heyətində avrokuboklarda bu mövsüm debüt edib və Avropa Liqasında 8 matçda meydana çıxıb. Qalan 16 oyun isə Azərbaycan kubokuna təsadüf edir ki, Zərgərov bu turnirdə matç sayına görə "Qəbələ”də rekordçudur.