Təlim-məşq toplanışını Türkiyədə keçirən "Qəbələ" klubu bu gün ilk yoxlama oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, Antalyada məşq edən "qırmızı-qaralar"ın ilk rəqibi Almaniyanın "Osnabryuk" klubu olub.
İlin ilk sınağı "Gloria" məşq meydançasında baş tutub. Görüş "qırmızı-qaralar"ın üstünlüyü şəraitində keçib. Lakin Azərbaycan təmsilçisi ilk yarıda rəqibin qapısına yol tapa bilməyib. Matçda ilk qol qarşılaşmanın 57-ci dəqiqəsinə təsadüf edib. "Qəbələ”nin Bosniya və Herseqovinadan olan hücumçusu Ermin Zets hesabı açıb – 1:0.
Hər iki komanda matçın gedişində çoxsaylı əvəzetmələrdən istifadə edib. "Qəbələ"də Stankoviçi Bəhlul Mustafayev, Dos Santosu Vitali Vernidub, Qayı Rikardinyo, Daşdəmirovu Yusif Nəbiyev, Antonovu yeni transfer Rəşad Eyyubov, Rəşad Sadiqovu Dodo, Vadim Abdullayevi Qismət Alıyev, Andrey Popoviçi David Petrzkieviç, onu isə Dmitri Bezotosnı, Zetsi Samir Zərgərov, Zenyovu Asif Məmmədov əvəzləyib.
Görüşün 83-cü dəqiqəsində matçdakı 2-ci qol vurulub. Almaniya təmsilçisi hesabı bərabərləşdirib – 1:1. "Osnabryuk”un heyətində David Pisot fərqlənib. Bundan sonra qarşılıqlı hücumlarla keçən görüşdə hesab dəyişməyib.
Beləliklə, 2016-cı ildə ilk matçını keçirən "Qəbələ” "Osnabryuk”la sülh bağlayıb.
Yoxlama oyunu
17:30. "Qəbələ" – "Osnabryuk" - 1:1
Qollar: Ermin Zets, 57 – David Pisot, 83
"Qəbələ”: Andrey Popoviç, Arif Daşdəmirov, Rafael Santos, Vojislav Stankoviç, Məhəmməd Mirzəbəyov, Vadim Abdullayev, Aleksey Qay, Sergey Zenyov, Rəşad Sadiqov, Ermin Zets, Aleksey Antonov
"Osnabryuk”: Marvin Şvabe, Kim Falkenberq, Aleksander Derço, David Pisot, Tobias Villers, Antoni Sinre, Kristian Qross, Massimo Omatelli, Maykl Honştedt, Menqa, Halil Savran.
Qeyd edək ki, "Qəbələ" tarixində 76-cı yoxlama oyununa çıxacaq. Əvvəlki 75 qarşılaşmada 34 qələbə qazanan əyalət təmsilçisi bu görüşlərin 15-də heç-heçə edib və 26 dəfə uduzub.