1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Aqil Abbasın soğanı
Görkəmli yazıçı-ədib, "Ədalət" qəzetinin baş redaktoru və millət vəkili Aqil Abbası hoydu-hoyduya götürüblər. Nə imiş? Seçicilərinə "Get, soğan ək, dolan!" məsləhətini veribmiş. Ki, ən yaxşı soğan elə onun seçildiyi tərəflərdə - Ağdam, Ağcabədidə yetişdirilir. İki gündür adama gün verib-işıq vermirlər. Biri soğanlarla karikaturasını paylaşır, biri də onu soğan yerinə qoyur.
Kaş bir azarkeş kimi Aqil Abbas o məsləhəti futbolumuzdakı kəslərə verərdi...
Kimlərə?
Maraqlı "yol xəritələri" olan futbolçularımıza: Ən yaxşısı elə Ağdamı təmsil edən "Qarabağ"a, o klub alınmasa, "Qəbələ"yə, o da alınmasa, "İnter"ə, heç alınmasa, "Sumqayıt"a üz tutanlara...
O futbolçularımıza ki, oynamağa klub tapmırlar. Hətta pulsuz "Rəvan"la "Xəzər Lənkəran"dan belə qovulurlar...
Elələrinə ki, "xaricə gedirəm" deyib, sonda suyu süzülə-süzülə elə bizim klublarla müqavilə bağlayırlar...
Elə baş məşqçilərə ki, klub rəsmilərinin əlində oyuncağa dönüblər. Lazım gəlsə, baş məşqçi, lazım gəlməsə, idman direktoru olurlar. Bu Lazım Qarabağı almaq üçün 20 ildən çoxdur gəlməyən Lazımdan deyil...
O klub rəsmilərinə ki, əvvəllər qıraqda durub pul saymaqla məşğul olurdularsa, indi heç pulları da yoxdur. Futbolçulardan evdə uşağının üzünə baxa bilməyən valideynlər kimi qaçıb gizlənirlər...
Böyükağa Hacıyevin sözü olmasın, Azərbaycan futbolunun indiki durumuna ağlamaq üçün heç də 1 ana, 4 bacı lazım deyil. Elə bircə dənə soğanı əzmək kifayətdir ki, gözdən yaş gəlsin. Əgər o soğanı Allahın futbolçusu, baş məşqçisi və klub rəsmisi də olmağı bacarmayanlar əksələr, görün necə gözyaşardıcı olar. Hətta daxili qoşunlarımız aclıqdan aksiya keçirənlərə də tullaya bilərlər ki, aparıb yesinlər. Gözyaşardıcıdır axı...
O soğanı harada əkmələrinə gəldikdə, qoy, elə Ağdamı başqa yerə dəyişməsinlər. Quzanlı Olimpiya Kompleksinin stadionuna nə gəlib? Onsuz da "Qarabağ" oradan üz döndərəndən bəri baxımsız qalıb, bostanlığa dönüb. Əksinlər, becərsinlər...
Suvarması? Vaxtilə futbolumuza pul axıdan kranlara indi suyun calanma zamanıdır. Yetər artıq: İtin qabağına ət, atın qabağına ot atmaq lazımdır!