"Qəbələ” Azərbaycan Premyer Liqasında III dövrənin startınadək braziliyalı hücumçu transfer edə bilər. Sportnet.az "apasport.az"a istinadən xəbər verir ki, söhbət 1991 təvəllüdlü Emerson Brito dos Santosdan gedir.
Türkiyə toplanışının son 2 günündə baş məşqçi Roman Qriqorçukun ixtiyarında olan 25 yaşlı forvard hazırda vətənindədir. O, sənədləşmə məsələlərinin həlli üçün Braziliyaya yollanıb. Emerson karyerasına yerli "Bahia”nın U-20 komandasında başlayıb və 1 il sonra yaşıdları arasında Braziliya çempionu titulunu qazanıb. Daha sonra "Seara” və "Quarani” klublarının şərəfini qorumuş hücumçu 2012-ci ildə "Palmeyras”ın "B” komandasına transfer olunub. Həmin mövsüm dos Santos "Paulista” kubokunda 3 qola imza atıb. Həmin ilin avqustunda "Palmeyras”ın əsas komandasına cəlb olunan futbolçunun debütü "Santos”la oyuna təsadüf edib. Baş məşqçi - əfsanəvi Luis Felipe Skolari onun xidmətinə 2013-ün aprelində ehtiyac duyub. Maraqlıdır ki, "Palmeyras”a keçənədək Emerson Sinyo adı altında çıxış edib. Onun sonuncu klubu Braziliyanın 2-ci divizion təmsilçisi "Amerika” olub.
Qeyd edək ki, hələlik "Qəbələ" Rəşad Eyyubovu heyətinə qatıb. Azərbaycan millisinin futbolçusu Pavel Paşayev isə baxışdadır.