"Bu gün gündəlikdə 4 məsələ vardı. Klubların peşəkar Futbol Liqasına olan borcu, "CBC Sport"un klublara verməli olduğu vəsait, uşaq futbolu ilə bağlı və 17 yaşadək futbolçulardan ibarət milli komandanın baş məşqçi Təbriz Həsənov bizimlə görüşmək istəyirdi. "CBC Sport" turun 3 yox, bütün oyunlarını yayımlamaq istəyir. Əfsuslar olsun ki, Təbriz müəllim səhhəti ilə bağlı görüşdə iştirak edə bilmədi". Sportnet.az-ın məlumatına görə, bunu Klublar Komitəsinin bugünkü iclasından sonra jurnalistlərlə açıqlama komitə sədri Fikrət Hüseynov deyib.
F.Hüseynov Təbriz Həsənovun iclasa qatılmadığı üçün bu məsələnin müzakirə olunmadığını söyləyib: "Uşaq futbolu ilə bağlı belə qərar verildi ki, hər klubun uşaq futbolu üzrə menecerləri AFFA-nın uşaq futbolu departamentinin rəisi ilə görüşəcəklər. "CBC Sport” telekanalına yeni direktor təyin olunub. Hər turun 5 oyununun göstərilməsi üçün matçlar 3 gün ərzində keçirilməlidir. Bu məsələni 90-95 faiz yoluna qoyduq. Yalnız ilk turla bağlı problem oldu. Söhbət fevralın 1-nə "Qarabağ” – AZAL oyununu salmaqdan gedir. Bu günün sonuna qədər həmin məsələ, matçın konkret hansı gündə keçiriləcəyi müəyyənləşəcək".
Komitə sədri açıqlamasında klubların PFL-ə borcu ilə bağlı verilən qərar haqqında da danışıb. Onun sözlərinə görə, artıq 5 klub bu problemi həll edib: "Əsas məsələ də elə bu idi. 5 klub PFL ilə razılıq əldə edib. Onlardan sonuncusu AZAL oldu. İki gün öncə biz də borcları bağladıq. Qalan klublarla da borc məsələsini danışdıq. "CBC Sport”dan yayımdan gələn pullarla klublar PFL-ə olan borclarını bağlayacaqlar. Borc məsələsini hələlik "Neftçi”, "Sumqayıt”, "Zirə”, "Kəpəz” və "Xəzər Lənkəran” klubları həll etməyib. İki gün ərzində, ayın 27-si axşam saatlarına qədər hər klubun rəsmisi PFL-in prezidenti Ramin Musayevlə individual şəkildə görüşərək məsələni yoluna qoyacaq”.