Bu gün "Boulevard" otelində "AFFA - elektron idman KİV-i" mövzusunda dəyirmi masa keçirilib. Sportnet.az-ın məlumatına görə, iclası açan AFFA-nın baş katibi Elxan Məmmədov Bakının da 2020-ci il Avropa çempionatını təşkil edəcək şəhərlər sırasında yer aldığını xatıladaraq, təşkilati işlərə yayda başlanılacağını bildirib.
Baş katib beynəlxalq aləmdə Azərbaycanın mötəbər idman tədbirlərinin təşkil olunduğu ölkə kimi tanındığını qeyd edib və bu sahədə görülən işlərin təbliğində mətbuatın, xüsusilə elektron Kütləvi İnformasiya Vasitələrinin böyük əhəmiyyət kəsb etdiyini deyib. E.Məmmədov tədbirin gündəliyində nəzərdə tutulan məsələlər barədə danışıb və AFFA-nın prezidenti Rövnəq Abdullayevin göstərişinə əsasən, elektron idman mətbuatında mövcud problemlərin müzakirəsi, onların həlli ilə bağlı təkliflərin səsləndirilməsi üçün bu tədbirin təşkil olunduğunu qeyd edib. Sonra mətbuat nümayəndələri ətrafında əyləşdikləri masalar üzrə şərti olaraq qruplar yaratmaqla gündəlikdəki məsələləri müzakirə edib və hər masadan bir nümayəndə çıxış edərək təklifləri səsləndirib. O, mühüm yarışadək rəqəmsal media adlandırılan idman saytlarının inkişafının vacibliyini və bu sahədə hər hansı problemin qalmasını istəmədiklərini dilə gətirib və dəyirmi masanın da bu məqsədlə təşkil olunduğunu söyləyib.
Daha sonra media nümayəndələri 8 məsələ ətrafında müzakirələr apararaq, təkliflərini səsləndiriblər. Həmin məsələlər bunlar olub:
- Media Komitəsinin yaradılmasının müzakirəsi;
- İdman mətbuatında mövcud problemlər, çıxış yolları, təkliflər;
- İdman mətbuatı və klublar arasında münasibət;
- İdman mətbuatı və AFFA arasında münasibət;
- Saytların sayının çoxluğu;
- Daha uzunmüddətli layihələrin (sayt, qəzet) əsasının qoyulmasının mümkünlüyü barədə müzakirə;
- Bir neçə saytın birləşdirilməsi nə dərəcədə mümkündür;
- Beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi.
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Mikayıl Nərimanoğlu tədbirlə bağlı fikirlərini və təkliflərini bildirib. Sonda baş katib mətbuat nümayəndələrinə təşəkkürünü bildirib və analoji tədbirin gələcəkdə də keçirilməsinin zəruriliyini qeyd edib. Görüşə yekun vuran E.Məmmədov bütün təkliflərin dəyərləndiriləcəyini və yaxın iki həftə ərzində növbəti görüşün keçiriləcəyini açıqlayıb.