Azərbaycan Premyer Liqasının XXI turunda "Zirə"nin qonağı olacaq "Rəvan" ciddi itkilərlə hazırlaşır. Komandanın baş məşqçisi Sportnet.az-a açıqlamasında heyətdə 4 itkinin olduğunu bildirib.
Onun sözlərinə görə, əsas heyətin 4 üzvü - ötən tur "Neftçi" ilə oyunda qırmızı vərəqə alaraq meydandan qovulan ukraynalı hücumçu Həmid Yasin, sarı vərəqə limitini dolduran yarımmüdafiəçi Ramazan Abbasov, müdafiəçi Ruslan Tağızadə və zədəli olan müdafiəçi Cəmşid Məhərrəmov "Zirə" ilə oyunda meydana çıxamayacaq.
Baş məşqçi futbolçuların maaşlarının veriləcəyini də bildirib. O, sabah, ən geci fevralın 11-də komandanın maaşlarının ödəniləcəyini söyləyib: "Bu gün klub prezidenti Samir Hüseynovla görüşdüm. Dedi ki, sabah, ən geci birisi gün maaşlar veriləcək. Mən də sabah bu barədə futbolçulara məlumat verəcəm".
Qeyd edək ki, fevralın 15-də keçiriləcək "Zirə" - "Rəvan" oyunu saat 18:30-da başlayacaq.