"Neftçi" ona tanış olan legioneri yenidən heyətinə qatır. Sportnet.az-ın məlumatına görə, çilili hücumçu Nikolas Kanalesin "ağ-qaralar"a 3-cü gəlişi reallaşmaq üzrədir.
Hazırda Bakıda olan 31 yaşlı legionerlə danışıqlar olacaq. İlkin razılıq əldə olunduğundan, anlaşmanın rəsmiləşməsi qalıb. Yəni "Neftçi" rəhbərliyi Kanaleslə görüşüb müqavilə imzalamaq fikrindədir. Azərbaycan Premyer Liqasında "transfer pəncərəsi" bağlansa da, Kanales sərbəst futbolçu olduğundan onu sifariş etmək mümkün olacaq.
O, bundan öncə 2012/13 və 2014/15 mövsümlərində "ağ-qara" formanı geyinib. Kanalesin "Neftçi"yə ilk gəlişi çox uğurlu alındı. 2002-ci ilin yayında komanda Çempionlar Liqasında çıxış edən zamanı debüt matçında "Zestafoni"yə "Dalğa Arena"da qol vuran Kanales şəxsi göstəricilər baxımından tarixə düşdü. Əvvəla, nəinki "Neftçi"nin, Azərbaycanın Avropa Liqasında qrup mərhələsində ilk qolunun müəlliif məhz Kanalesdir.
Bunu "İnter"lə Tofiq Bəhramov adına Respublika stadionundakı matçda reallaşdıram hücumçu məşhur rəqibinə Milanda da qol vurmağı bacarıb. Çilili hücumçu həmin mövsüm "Neftçi”ylə həm "qızıl dubl”a imza atdı, həm də vurduğu 26 qolla (34 oyuna) çempionatın bombardiri oldu. Nikolasın "Neftçi”də 2-ci dönəmdə çıxışı parlaq alınmadı – 28 oyuna 11 qol. Ötən yay Azərbaycandan gedişindən sonra Rusiyaya üz tutan hücumçu Premyer Liqa təmsilçisi "Krılya Sovetov”la müqavilə imzalasa da, əsas komandada debütü baş tutmadı. Samara təmsilçisinin əvəzedici heyətində çıxış edərək 1 qol vuran Nikolasla müqavilə bu ilin yanvarında pozuldu.
Mehman SÜLEYMANOV