"Deməzdim ki, xüsusi hazırlıq planı ilə hazırlaşırıq, adi təqvim oyunudur. Bununla belə, bizi çətin imtahan gözləyir". Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Şahin Diniyev klub saytına açıqlamasında Azərbaycan Premyer Liqasının XXI turunda evdə "Qarabağ"a qarşı keçiriləcək oyunu dəyərləndirərkən deyib.
Rəqibin həm heyət, həm oyunçu səviyyəsi, həm də baş məşqçi baxımından güclü olduğunu və "Qarabağ"a uduzmağın ayıb olmadığını bildirib: "Bunların hamısı vəhdət təşkil edərək ortaya yaxşı komanda çıxarıb. Ağdam klubuna qarşı əvvəlki iki görüşdə uduzmağımızı uğursuzluq kimi qəbul etmək istəmirəm. "Qarabağ”a uduzmaq ayıb deyil. Onlara qarşı layiqli mübarizə aparmaq, yaxşı futbol sərgiləmək vacibdir. Proqnoz verməyi xoşlamıram. Bizi çempionatda ən ağır, ən çətin oyun gözləyir. Düzdür, bütün görüşlər çətindir, amma qarşıdakı oyun ikiqat ağır olacaq. Birincisi, evdə azarkeşlərimiz önündə oynayacağıq, ikincisi isə ardıcıl iki qələbədən sonra bizdən böyük şeylər gözlənilir. Bu da başa düşüləndir. Bir şeyi unutmayaq ki, nəinki Azərbaycanda, hətta Avropada top klublardan birinə qarşı oynayacağıq. Uğurlu nəticə üçün çalışacağıq, amma buna nə qədər nail ola biləcəyimizi oyun göstərəcək. Azarkeşlər üçün maraqlı matç olacaq”.
Qeyd edək ki, fevralın 14-də Gəncə şəhər stadionunda keçiriləcək "Kəpəz" - "Qarabağ" oyunu saat 15:00-da başlayacaq.