Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib. Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə 4 komanda meydana çıxıb.
Portuqaliyanın "Benfika" klubu Lissabondakı "Eştadiu da Luj"da Rusiya "Zenit"ini qəbul edib. Komandalar bugünədək qitənin ən nüfuzlu klub turnirində 4 dəfə qarşılaşmış, görüşlərdən 3-ü Rusiya, 1-i isə Portuqaliya təmsilçisinin qələbəsi ilə başa çatmışdı. "Zenit" 7, "Benfika" isə 4 qol vurmuşdu. Amma bu dəfə meydan sahibləri qələbə qazanıb. Görüşün taleyi son dəqiqələrdə həll olunub. Əvvəlcə Domeniko Krişito "Zenit"i azlıqda qoyub, ardından Jonas "Benfika"nın qələbə topunu vurub - 1:0.
Gecənin digər oyunu isə Fransada PSJ və İngiltərənin "Çelsi" klubları arasında keçirilib. Cütlüyün statistikasında əsasən, bərabərliklər diqqət çəkirdi. Çempionlar Liqasında 6 dəfə qarşılaşan komandalar 3 oyunda meydanı "sülh"lə tərk etmiş, qalan 3 matçdan 2-si London, 1-i isə Paris klubunun qələbəsi ilə başa çatmışdı. Rəqib qapısına 9 qol vuran "zadəganlar" 8 dəfə topu tordan çıxarmışdılar. Maraqlı məqam isə bu komandaların ardıcıl 3-cü mövsüm qrupdan sonrakı mərhələlərdə üz-üzə gəlmələri idi. Parisin "Park de Prens" stadionunda keçirilmiş bu dəfəki matçda meydan sahibləri qalib gəlib. Zlatan İbrahimoviç və Edinson Kavaninin qollarına Con Obi Mikel cavab verib.
Çempionlar Liqası, 1/8 final
23:45. "Benfika" (Portuqaliya) - "Zenit" (Rusiya) - 1:0
Qol: Jonas, 90+1
Qırmızı vərəqə: Domeniko Krişito, 90 ("Zenit")
Baş hakim: Canluka Rokki (İtaliya)
Lissabon. "Eştadiu da Luj".
23:45. PSJ (Fransa) - "Çelsi" (İngiltərə) - 2:1
Qol: Zlatan İbrahimoviç, 39. Edinson Kavani, 78 - Con Obi Mikel, 45+1
Baş hakim: Kаrlos Velasko Karbalyo
Paris. "Park de Prens".
Qeyd edək ki, digər oyunlar 17, 23 və 24 fevralda, cavab görüşləri isə martda keçiriləcək.