"Kəpəz"in futbolçusu Tərlan Quliyevin Sportnet.az-a müsahibəsi
- Komandanız qış fasiləsindən sonra ilk 2 oyunda qalib gəlsə də, sonrakı 2 matçda uduzdu. Bu qeyri-sabit çıxışın səbəbi nədir?
- "İnter"lə oyunun çətin olacağını bilirdik. Rəqibimiz yaxşı heyətə malikdir. Sadəcə, "İnter" qapalı futbol oynayır. Bir qol imkanları oldu, ondan da səmərəli istifadə etdilər. Matç da elə 1:0 hesabıyla bitdi.
- Səncə, oyunun ədalətli nəticəsi heç-heçə idi?
- Bəli. Çünki bizim də qoldan qabaq yaxşı imkanımız vardı. Namiq Ələsgərov fərqlənə bilərdi. Ancaq "İnter” ikinci hissədə əlinə düşən fürsətdən maksimum istifadə etdi.
- Ümumiyyətlə, "Kəpəz"in "İnter"lə oyunları çətin alınır. Bu mövsüm 3 oyunda nəin qalib gələ, qol da vura bilməmisiniz. Bunu nəylə izah edərdin?
- "İnter"ə nəinki biz, çox komandalar qol vurmaqda çətinlik çəkir. Çünki onlar qapalı, 5 müdafiəçi ilə oynayır. Təsadüfi deyil ki, bu komandanın matçlarının 80 faizi 1:0, 0:0 hesabıyla nəticələnir. Bizimlə matçda da belə oldu.
- "İnter"in 5 müdafiəçiylə oynaması çoxdan bəllidir. Bu sıx müdafiəni yarmaq üçün bir taktika düşünməmişdiniz?
- Biz bunu fikirləşmişdik. Beş müdafiəçi arxada olanda qol vurmaq çətindir. Bunun üçün rəqibin üzərinə getməyib, onları müdafiədən çıxartmaq lazım idi. Bu da ilk hissədə bir dəfə alındı. Əks-hücumda qol imkanımız oldu, ancaq ondan istifadə edə bilmədik.
- Buraxdığınız qol epizodunu necə xatırlayırsan?
- Həmin epizodda səhvimiz vardı. Səhv irəlidən başladı, arxada bitdi. Buraxdığımız qolda bir nəfər səhv etmədi. Bu, bütün komandanın səhvi idi.
- "Kəpəz" ikinci dövrədə də uzun müddət qalib gələ bilmirdi. Bu dəfə həmin uğursuzluq sindromunun olmaması üçün nə etməlisiniz?
- Bu vəziyyətdən çıxış yolu ancaq yaxşı hazırlaşmaqdır. "Sumqayıt”la qarşıdakı oyunda komandanı "qara zolaq”dan çıxartmalıyıq. Nə olur-olsun, həmin matçda qalib gəlib, iddiamızı davam etdirməliyik. Bizdə qış fasiləsindən sonra ardıcıl çətin oyunlar oldu. Düzdür, "Qəbələ”ni keçdik, sonra AZAL-la çətin sınaqla üzləşdik. Bu 2 oyunda qələbədənsonra "Qarabağ"la "İnter"ə uduzduq. Bunlar favorit komandalardır.
- "Kəpəz" xalların çoxunu evdə toplayır, səfərdə nəticə qazanmaqda çətinlik çəkir. Bu, səfər sindromuyla bağlıdır, yoxsa öz meydançanızın yaxşı vəziyyətdə olmamağı hardasa sizə kömək olur?
- Meydança deyəndə ki, hər ikimiz orda oynayırıq. Bizim də iki ayağımız var, rəqibin də. Orda ancaq mübarizədir, taktika, texnika heç nə alınmır. Evdə mübarizələrdən qalib ayrılırıq. Gördüyünüz kimi, "Qarabağ”la Gəncədəki matçda qələbə istəyimiz alınmadı. "Qarabağ” göstərdi ki, qələbə düz, əyri meydançaya baxmır. Oynayan hər yerdə oynayır və nəticə qazanır.
- "Kəpəz"də çıxışından nə dərəcədə razısan və bu komandayla cari mövsümdə nəyə ümid edirsən?
- Mən "Kəpəz”ə gələndə Avropa Liqasına çıxmaq, ilk üçlüyə oynamaq fikirləri yox idi. Çünki yeni yaranmış komandadır. İnşallah, nəticə qazanarıq. Qarşıdakı oyunlara nikbin baxırıq, hər matçda mübarizə aparırıq. Belə getsə, heç olmasa avrokuboklara qatılmaq şansımız var.
Mehman SÜLEYMANOV