Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulub. Sportnet.az-ın məlumatına görə, açılış oyununda "Kəpəz" "Sumqayıt"ı məğlub edə bilməyib.
Qarşılaşma qolsuz tamamlanıb - 0:0. Bununla da Gəncə komandası ardıcıl 3-cü matçında qələbə qazana bilməyib.
Ötən tur "gənclik şəhəri" təmsilçisinə 0:2 hesabı ilə məğlub olmuş AZAL bu dəfə qələbə qazana bilib. Autsayder "Rəvan"la görüşdə "təyyarəçilər" azlııqda qalmalarına baxmayaraq, qol vurub. Həmin topun müəllifi Nuqzar Kvirtiya oyunun sonlarında təyin olunmuş penaltidən isə yararlanmağı bacarmayıb.
"Zirə" isə qış fasiləsindən sonra ardıcıl 5-ci qələbəyə imza atıb. "Qartallar" "Neftçi"ni darmadağın edib - 3:0. İlk yarının sonlarında qonaqlar azlıqda qalıb. Bundan yararlanan meydan sahibləri fasilədən sonra istəklərinə çatıblar. Birinci topun müəllifi Nelson Bonilya aktivindəki qolların sayını 8-ə çatdıraraq, bombardirlər siyahısında "Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda ilə bərabərləşib. Digər 2 qolu isə oyunun sonlarında Tato vurub.
Növbəti qarşılaşmada sensasiya baş verib. "Qəbələ" Premyer Liqada 9-cu pillədə yer alan və gənc futbolçulardan ibarət "Xəzər Lənkəran"ı öz meydanında yenə bilməyib. Beləliklə, əyalətdəki növbəti oyun da qolsuz tamamlanıb.
Günün son matçında isə "İnter" "Qarabağ"la üz-üzə gəlib. Bu görüş də heç-heçə ilə tamamlanıb - 1:1. Hər iki komandadan qolları kapitanlar vurub. Meydan sahibləri ilk yarıda Nizami Hacıyevin qolu ilə hesabı açıblar. Oyunun son dəqiqələrində isə Rəşad Sadıqov irəli atılaraq, karyerasında ilk dəfə başla qol vurub.
Beləliklə, bu nəticələrdən sonra "Zirə" xallarını 44-ə çatdıraraq, lider "Qarabağ"la fərqi 4 xala endirib. Digər komandaların mövqelərində dəyişiklik baş verməyib: "Qəbələ" - 38 xal, "İnter" 35, "Kəpəz" - 33, "Neftçi" - 31, AZAL - 29, "Sumqayıt" - 22, "Xəzər Lənkəran" - 14, "Rəvan" - 8.
Azərbaycan Premyer Liqası, XXIII tur
14:00. "Kəpəz" – "Sumqayıt" - 0:0
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Kamran Bayramov, Mahir Məmmədov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Rövşən Əhmədov
Gəncə şəhər stadionu
15:00. "Zirə" – "Neftçi" - 3:0
Qol: Nelson Bonilya, 69. Tato, 87; 90+3
Qırmızı vərəqə: Cavid İmamverdiyev, 43 ("Neftçi")
Hakimlər: Fariz Yusifov, Munis Abdullayev, Elman Musayev, Ramil Əhmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Asim Xudiyev
Bakı. Zirə İdman Kompleksinin stadionu
15:00. AZAL – "Rəvan" - 1:0
Qol: Nuqzar Kvirtiya, 62
Qırmızı vərəqə: Qvanzav Maqomedov, 51 (AZAL)
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Nahid Əliyev, Xəlil Xəlilov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Murad Məmmədov
Bakı. AZAL Arena
17:00. "Qəbələ" – "Xəzər Lənkəran" - 0:0
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, İsgəndər Əliyev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Kərim Ağayev
Qəbələ. Qəbələ şəhər stadionu
18:00. "İnter" – "Qarabağ" - 1:1
Qol: Nizami Hacıyev, 43 - Rəşad Sadıqov, 88
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vaqif Musayev, Ramil Diniyev
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Gülağa Cabarov
Bakı. "İnter Arena"
-------------------------------------------------------------------------
Bu gün Azərbaycan Premyer Liqasının XXIII turunun oyunları keçiriləcək. Sportnet.az-ın məlumatına görə, turun bütün oyunları bir gündə baş tutacaq.
Oyunlardan 3-ü Bakıda, 2-si isə bölgədə keçiriləcək.
Tura Gəncədə baş tutacaq "Kəpəz" - "Sumqayıt" oyunu ilə start veriləcək. Komandaların son iki oyununda qapılara 4 qol vurulub. Rəqiblərin əvvəlki oyunlarında meydan sahibi olan tərəf məğlub olmayıb. Üstəlik, "Kəpəz" ardıcıl iki ev matçında qələbə qazanıb. Gəncə şəhər stadionunda baş tutacaq qarşılaşmada "sarı-göylər" qələbə qazanacağı təqdirdə, turnir cədvəlində bir pillə irəliləyərək 4-cü olacaq. "Sumqayıt" isə səfərdə əldə olunacaq 3 xal sayəsində ən yaxın qonşusu AZAL-la fərqi 2-yə endirəcək.
"Zirə" - "Neftçi" və AZAL - "Rəvan" oyunu isə saat 15:00-da başlayacaq. "AZAL Arena"da keçiriləcək oyunun statiskisa nəzər saldıqda, qonaq komandaların son 4 oyunda rəqib qapısına qol vurmadığı görünür. "Təyyarəçilər" evdə qələbə qazanarsa, "Neftçi" ilə xal fərqini 2-yə endirəcək. "Rəvan" isə sonuncu pillədən xilas olmaq üçün xal itirməməlidir. Bir neçə qələbə "Rəvan"ı autsayder pilləsindən xilas edə bilər. "Zirə" evdə "Neftçi" ilə üz-üzə gələcək. Bu qarşılaşma hər iki komanda üçün böyük əhəmiyyətə malikdir. Premyer Liqada birinci il çıxış edən Adil Şükürovun rəhbərlik etdiyi komanda qələbə sayəsində lider "Qarabağ"la xal fərqini azaldacaq. Nəticədə fərq 3-ə enəcək. "Neftçi" isə mükafatçılar sırasına düşmək, avrokuboka vəsiqə qazanmaq üçün mütlə qələbə qazanmalıdır. Belə olan halda "ağ-qaralar" 5-ci pilləyə yüksələcək.
İki bölgə klubu Qəbələdə münasibətlərinə aydınlıq gətirəcək. Cari mövsüm heç də ürək açan çıxış etməyən "Qəbələ" "Xəzər Lənkəran"la qaşrılaşacaq. Cütlüyün son 4 qarşılaşmasında "Qəbələ" qalib gəlib. "Xəzər Lənkəran" 3 oyundur qol vura bilmir və Qəbələdəki son 6 görüşdə ən azı 2 qol qeydə alınıb. Ötən mövsüm uğurlu çıxış edərək Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan "Qəbələ" bunu təkrarlamaq üçün yoluna qələbə ilə davam etməlidir. "Qırmızı-qaralar" 3 xallla 3-cü pillədəki mövqeyini möhkəmləndirmiş olacaq.
Turun mərkəzi görüşü isə "İnter" və "Qarabağ" komandaları arasında keçiriləcək. Komandalar bugünədək 45 dəfə üz-üzə gəlib. Bu qarşılaşmaların 20-də "Qarabağ" qələbə qazanıbsa, 10-da "İnter" 3 xala sevinib. Qalan 15 oyun isə bərabərliklə yekunlaşıb. Maraqlısı ondadır ki, "bankirlər" son 21 matçda yalnız 1 dəfə Qurban Qurbanovun rəhbərlik etdiyi komandaya qalib gəlib. "İnter" qələbə sayəsində Qəbələdə keçiriləcək oyunun nəticəsindən asılı olaraq 3-cü pilləyə şərik olacaqsa, "Qarabağ" 3 xalla turnir cədvəlindəki liderlik mövqeyini qoruyacaq.