"İstənilən nəticə ilə bitən oyundan sonra olduğu kimi bu dəfə də futbolçularımın əlini sıxdım". Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasında XXIII turun "Xəzər Lənkəran”la qolsuz bitən oyunundan sonra mətbuat konfransında deyib.
Ukraynalı mütəxəssis bildirib ki, komandası öz işini görərəl, çalışqanlıq nümayiş etdirib: "Təəssüf ki, qol vurmağımız alınmadı. Nəticədə 2 xal itirdik. Buna görə heç kimə iradımı bildirmirəm. Futbolçularıma da dedim ki, başınızı dik tutun. Bu matç həmin oyunlardan biri idi ki, qalib gəlməmək olmazdı. İndi bu uğursuzluğu yaşayıb, yolumuza davam etməliyik. Rəqib komanda çox çalışdı. Buna baxmayaraq, bizim qol imkanlarımız oldu. Lakin imkanlardan istifadə edə bilmədik".
Qriqorçukun fikrincə, qarşılaşmanın gedişində oyunun axarını dəyişmək üçün mümkün olan bütün addımlar atılıb: "Asif Məmmədovu da, Rikardinyonu da meydana buraxdıq. Matç sona yaxınlaşdıqca təzyiqi artırırdıq və bu üzdən yorğunluqdan danışmazdım. Demək olar ki, əlimizdə olan 3 xalı qazana bilmədiyimizə məyusam. Hər oyunda qalib gəlib, xal hesabımızı artırmalıyıq. "Xəzər Lənkəran”la oyunda bunu bacarmadıq. Hərçənd qələbəyə çox yaxın idik”.