Azərbaycan Premyer Liqasında XXIII turun "İnter”lə oyununda "Qarabağ”ı məğlubiyyətdən xilas edən Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Oyunun belə məcrada keçəcəyini gözləyirdiniz?
- Bizim üçün gərgin matç oldu. "İnter” kimi komandaya qarşı, həm də səfərdə oynadıq. Onların oyunlarını izləmişdik. Yaxşı formada olduqlarını bilirdik. Qış fasiləsindən sonra məğlubiyyətləri sıralasalar da, əvvəlki turda özlərinə gəldiklərini göstərdilər. Komandanın heyəti təcrübəli futbolçulardan formalaşıb. Buna görə də kəsərli hücumlar yarada bilmirdik. Düzdür, oyuna nəzarət edirdik, amma istədiyimiz kimi qol epizodları yaratmağa imkan vermirdilər. Bizi əks-hücumda yaxaladılar və hesabı açdılar. Fasilədən sonra tamamilə hücuma atıldıq. Sona yaxın hesabı bərabərləşdirdik və məğlubiyyətdən qaça bildik. "İnter” kimi rəqiblər heç-heçə etmək pis nəticə deyil.
- Yalnız sona 10 dəqiqə qalmış oyun bir qədər canlandı. Bu, "İnter”in müdafiəyə çəkilməsi ilə bağlı deyildi?
- "İnter”ə qarşı oynamaq hər zaman çətindir. Xüsusi sistemlə oynayırlar, qapalı müdafiəyə üstünlük verirlər. Oyun zamanı rəqib üzərinə gəlmirsə, hücum qurmaq çətin olur. Üstəlik, qarşımızda təcrübəli heyətə malik, güclü müdafiə olunmağı bacaran komanda var idi. Belədə baxımlı oyun nümayiş etdirmək çox çətindir. Yenə deyirəm: "İnter”lə səfərdə heç-heçə pis nəticə deyil.
- 65 dəqiqə ərzində, demək olar, "çərçivə”yə zərbənin şahidi olmadıq. Bu, "İnter”in güclü müdafiə olunmasından irəli gəlirdi?
- Burada iki səbəb var: biz hücumda kəsərli ola bilmirdik, paralel olaraq rəqib də yaxşı müdafiə olunurdu. "İnter”ə qarşı oyunumuz hər zaman ağır keçib. Bu dəfə də istisna olmadı. Bizə müdafiəni yarmaq çox çətin oldu.
- Oyun gedə-gedə bir anlıq məğlub olduğunuzu və "Zirə”nin sizə çatacağını düşündünüzmü?
- Qol buraxanda çox əsəbiləşdim. Bilirdim ki, bunlara sonra qol vurmaq çox çətin olacaq. İkinci hissənin gedişi qol vura bilməyəcəyimizi göstərirdi.
- Sizin hücuma qoşulmağınız əvvəlcədən hazırlanmış "ev tapşırığı” idi?
- Hazırlanmış bir şey deyildi. Baş məşqçi dedi ki, itirəcəyimiz bir şey yoxdur, irəli çıx. Mən də getdim və qol vurdum.
- Növbəti turda ən yaxın izləyicinizlə qarşılaşacaqsınız. Həmin oyunu "final dueli” adlandırmaq olarmı?
- Final oyunu deməzdim, çünki qarşıda çox oyunlarımız var. Bu tip oyunlarda məğlub olmamaq vacibdir. Çalışacağıq qələbə qazanaq, xal fərqini artıraq.
- Həftəiçi ölkə kubokunun ¼ final oyunu var. "Sumqayıt”la qarşılaşma oyun qrafikinə necə təsir edəcək?
- Çox təsir edəcək. "Sumqayıt” ikinci hissəyə pis başlasa da, son turlarda oyununu tapıb. Bizi çətin qarşılama gözləyir.