"Xəzər Lənkəran" qış fasiləsindən sonra Azərbaycan Premyer Liqasında oyunlara yeni baş məşqçinin rəhbərliyi altında çıxır. Sportnet.az-ın məlumatına görə, bunu Elbrus Məmmədova şamil etmək də düzgün deyil.
Çünki 45 yaşlı mütəxəssis ötən çempionatda da, məhz mövsümün ikinci yarısında əsas komandanın "sükanı arxası"na keçmişdi. Üstəlik, Məmmədov neçə illərdir cənub klubunun əvəzedici heyətində başçılıq edir və Yunis Hüseynovun gedişinədək də bu postda idi.
"Xəzər Lənkəran gəmisi"ni atıb getməyən Elbrus Məmmədov
"Ağ-yaşıllar" fasilədən sonra heyətcə daha da zəifləyib, qalan aparıcı oyunçularını da itirib və legionersiz qalıb. Cənub klubu iştirak ərizəsində ən az futbolçusu olan komandadır, hətta heyətində heç 20 yaşı tamam olmamışlar meydana çıxırlar. Bununla belə, lənkəranlılar heç də pis təsir bağışlamırlar. Əvvəla, Elbrus Məmmədovun komandası fasilədən sonra hesabına 2 xal yazıb. Özü də çempionluğa oynayan "Qəbələ"dən onun meydanında xal almaq qələbəyə bərabər nəticədir. Onu da da nəzərə almaq lazımdır ki, "Xəzər Lənkəran" heyəti bundan yaxşı olanda Qəbələdə 0:6 hesabı ilə darmadağın olmuşdu. "Ağ-yaşıllar" "Neftçi" ilə səfərdə keçirdiyi "Böyük oyun"da inamlı təsir bağışlaması ilə çoxlarının rəğbətini qazandı. Hər halda, "Neftçi" heyət baxımda özündən çox zəif olan prinsipial rəqibinə qələbə topunu yalnız sona 3 dəqiqə qalmış vura bildi.
Elbrus Məmmədovun komandası lider "Qarabağ"a böyük hesabla uduzsa da, son 2 mövsümün qalibi 71-ci dəqiqəyədək onun qapısına yol tapa bilmirdi. Uzun müddət müqavimət göstərib qol buraxandan sonra bunun davamının gəlməsi gözlənilən bir şeydir. Üstəlik, komanda əsasən gənc, təcrübəsiz futbolçulardan ibarətdirsə...
"Xəzər Lənkəran" belə ağır vəziyyətində belə oyun göstərirsə, güclü rəqiblərə "başğarısı" olursa, bunda baş məşqçinin rolunu daha çox görürəm. Elbrus Məmmədov böyük klublarda baş məşqçi olmasa da, yaxşı təcrübə keçib. Gəlin, onun Lənkərana gəlişinədək məşqçilik karyerasına nəzər salaq: Məmmədov futbolçu karyerasını "İnter"də bitirəndən sonra Anatoli Konkovun yanında məşqçiliyə start verərək, təcrübə toplamağa başladı. Ardından "Neftçi"yə yollanaraq Qurban Qurbanovun baş məşqçi kimi debüt mövsümündə onun yardımçısı oldu. Qurbanov gedəndən sonra da komandada qalan gənc mütəxəssis bu dəfə daha təcrübəli, tanınmış əcnəbi baş məşqçilərə kömək etdi, təcrübəsini artırdı. Bunlar isə çexiyalı Vlastimil Petrjela ilə ukraynalı Anatoli Demyanenko idi. Keçilən bu yol Elbrus Məmmədovun işinə yaradı və şablon danışmayan mütəxəssis çətin vəziyyətdə olan "Xəzər Lənkəran gəmisi"ni idarə edir, onu buraxıb getmir.
Hesab edirəm ki, o, komandanın daha yaxşı vaxtında, daha yaxşı heyətə malik olanda baş məşqçi postu etimad olunmalı, ən azı şans verilməyə layiq olan mütəxəssisdir.
119 gün öncə "ağ-yaşıllar"ı sevindirən transferə çıxardığı futbolçudur
Ancaq "Xəzər Lənkəran"da elə bir problem var ki, o, Elbrus Məmmədovun vaxtında həllini tapa bilmir ki bilmir. Bu, komandanın çempionatda qol vura bilməməyidir. Bəli, "ağ-yaşıllar" bu il hesablarına 2 xal yazsalar da, bunlar qolsuz bərabərliklə olub və keçirdiyi 5 oyunda rəqib qapısına yol tapa bilməyib. Premyer Liqada yalnız cənub təmsilçisi qış fasiləsindən sonra qol vura bilməyib. Ancaq bu, yalnız 5 turda olsaydı, nə dərd idi. "Xəzər Lənkəran" çempionatda sonuncu qolunu ikinci dövrənin əvvəlində, daha dəqiq desək, 11-ci turda - 2015-ci il noyabrın 2-də autsayder "Rəvan"a vurub – 1:0. Təbii ki, lənkəranlılar sonuncu qələbəsini də məhz onda qazanıb. "Bayıl Arena"da keçirilən həmin matçdan 4 ay vaxt, daha dəqiq desək, 119 gün keçir.
Maraqlıdır ki, oyunun 80-ci dəqiqəsində "Xəzər Lənkəran"a qələbə qazandıran qolun müəllifi qış fasiləsində transferə çıxardığı, özünə hələ də yeni klub tapa bilməyən, bir ara "Qarabağ"a keçidi gündəmdə olan, İspaniyada "Real Ovyedo"da baxışda olmuş 19 yaşlı yarımmüdafiəçi Elnur Cəfərovdur. Həmin Cəfərov ki, yetirməsi olduğu "Xəzər Lənkəran"da qol hesabını 2014/2015 mövsümünün 8-ci turunda "Bakı" ilə ev oyununda (4:0) açıb və 17 yaş 6 ay 23 günlüyündə fərqlənməklə klub tarixinə ən gənc qol müəlliflərindən biri kimi düşüb.
Düzdür, cənublular son 4 ayda qol vura bilib. Ancaq bu, ölkə kubokunun 1/8 final mərhələsində "Kəpəz"lə dekabrın 2-də Lənkərandakı oyunda olub. Kamran Abdullazadə (maraqlıdır ki, bu yarımmüdafiəçi də transferə çıxarılıb) 14-cü dəqiqədə vurduğu qolla komandasına 1:0 hesablı qələbə və 1/4 finala vəsiqə qazandırıb. Ancaq hər bir ölkədə əsas yarış məhz çempionat sayılır və bu qədər uzun müddət qol vura bilməmək diqqət çəkir. "Xəzər Lənkəran" 12 illik tarixində ən zəif mövsümünü keçirir və 4 aylıq qolsuzluq da klubun antirekordudur.
Ümumiyyətlə, lənkəranlılar bu çempionatda ən az qol vuran komandadır – cəmi 10 qol. Buna isə cəmi 5 futbolçu - Elnur Cəfərov və Kamran Abdullazadə (hərəyə 2 qol) ilə yanaşı, Rahid Əmirquliyev (4 qol), Elşən Rzazadə və Sadio Tounkara (hərəyə 1 qol) imza atıblar. İndi onların heç biri "ağ-yaşıllar"ın sıralarında deyil. "Xəzər Lənkəran"ın 2006-cı ildən şərəfini qorumuş, qazandığı uğurlarda böyük əməyi olan kapitanı, cari çempionatda bombardiri olan Rahid Əmirquliyev qış fasiləsində daha iddialı kluba – "Qarabağ"a keçməli oldu.
"Xəzər Lənkəran"ı qarşıda "Neftçi" ilə növbəti derbi gözləyir. Ancaq bu dəfə ölkə kubokunda olduğundan, Lənkəranda vurulan qol olsa belə, çempionata aid olmayacaq. Çempionatda isə növbəti turda AZAL-la ev oyunu gəlir. Komandanın cari çempionatda ən inamlı qələbəsi, ən çox qol vurduğu matçın (3:1) məhz bu rəqiblə Lənkəranda olduğunu nəzərə alsaq, "qol orucu"nun pozulacağı real görünür. Ən azı buna inanmalısan...
Mehman SÜLEYMANOV