"Əsas hədəfimiz çempionat olduğundan, bu gün bəzi futbolçulara istirahət verməyi düşünürdüm. Çünki kubok oyunları avrokuboklara bir addım yaxın olsa da, çətindir". Sportnet.az-ın məlumatına görə, bunu "Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov "İnter"lə Azərbaycan Kubokunun ilk 1/4 final matçından sonra deyib.
Həsənov bu dəfə hakimlikdən razılıq ifadə edib: "Bizi daha çox maraqlandıran "Kəpəz"lə oyundur. Bu gün futbolçularımız özlərində güc tapıb oynadılar. Söz vermişəm ki, hakimlikdən danışmayım. Ancaq bu gün hakimlərə təşəkkür edirəm. Gözəl idarəçilik oldu. "İnter"də səviyyəli futbolçular var. Şadam ki, onları məğlub etməyi bacardıq. Evdə qalib gəlmişiksə, səfərdə də bunu davam etdirməliyik".
Təcrübəli mütəxəssis bir həftə sonra keçiriləcək cavab görüşünə də iddialı çıxacaqlarını vurğulayııb: "Məmməd Quliyev, Cəmşid Məhərrəmov və bir neçə futbolçu xəstə və zədəlidir. Bu gün Ramazan Abbasov və Ruslan Tağızadəyə istirahət vermək istəyirdim. Ancaq "İnter"in qarşısını almaq çox çətindir. İlk hissədə də bizə çox çətin anlar yaşadıq. İtirməli bir şeyimiz qalmayıb. Artıq 0:0 söhbətini yığışdırmışıq. Ya udacağıq, ya uduzacağıq. Məğlubiyyətdə hesabın fərqi yoxdur. AZAL-la son oyunda etiraf edim ki, bizə 4-5 qol vurmalı idilər. Çalışdım ki, gənclərə üstünlük verim. Futbolçularıma çox güvənirəm. Hər oyun sabit olmur. Oyundan oyuna fərq var.
Baş məşqçi Ceyhun Abdullayevin əvəzləndikdən sonra birbaşa paltardəyişmə otağına getməsinə də aydınlıq gətirib: "Futbolçular gödəkçələrini özləri ilə götürməmişdilər. Ona görə gödəkçəsini götürüb yenidən qayıtdı".