Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunlarının həyəcanı bitməmiş Premyer Liqa mübarizəsi başlayır. Sportnet.az-ın məlumatına görə, artıq sabah çempionatda 24-cü tur start götürərək çox matç keçiriləcək. Birigünə yalnız 1 oyun qalacaq. Növbəti çərşənbə də kubok matçları keçiriləcəyindən fasilə azdır və komandalar 3 gündən bir oyuna çıxmalı olur.
Paytaxtda iki maraqlı oyun birdən
Sabah Bakıda keçiriləcək hər 2 matç böyük maraq kəsb edir. Bununla belə, mərkəzi oyun "Qarabağ” – "Zirə” sayılır. Axı hazırda ilk pillələri tutan komandaların mübarizəsi, yəni zirvə döyüşü olacaq. Bəli, "Zirə” Premyer Liqanın debütantı olsa da, 2-ci yerdə getməklə, inamlı çıxışı ilə diqqət mərkəzindədir. Əgər çempionat başlayanadək kimsə "Neftçi” – "Qəbələ” yox, "Qarabağ” – "Zirə” matçını turun mərkəzi oyunu saysaydı, bu, ciddi qəbul olunmazdı. Ancaq reallıq onu deyir ki, Adil Şükürovun yetirmələrinin haızrda çempionluq şansı da realdır. Buna "Qarabağ”ım qış fasiləsindən sonra 5 xal itirməsi şərait yaratdı. Nəticədə yüzfaizli nəticə göstərən "Zirə” liderlə xal fərqini 4-ə azaltdı. Yəni qələbə seriyasının sabah da davam etdirilməsi fərqin minimuma enməsi demək olacaq. Ancaq digər tərəfdən, "Zirə”nin ilk dövrədə Suraxanıya səfəri çox uğursuz alınmışdı. Belə ki, komandanın ilk məğlubiyyətini məhz "Azərsun Arena”da, özü də böyük hesabla almışdı – 1:4. Həmin oyunda "Qarabağ”ın futbolçusu kimi çıxış edən Elvin Məmmədov qış fasiləsidnə "Zirə” keçdi. Ancaq millimizin yarımmüdafiəçisi son vaxtlar zədəli olduğundan keçmiş komandasına qarşı oynaması sual altındadır. Ümumiyyətlə, "Zirə”də zədəlilər az deyil və Elvinlə yanaşı, əsas heyət üzvlərindən qapıçı Anar Nəzirov, müdafiəçi Yovan Krneta son oyunda komandaya bu səbəbdən kömək edə bilməyiblər.
"Neftçi” ilə "Qəbələ” hazırda fərqli durumdadır. Əsgər Abdullayevin komandası kuboku da nəzərə alsaq ardıcıl 3 oyundur uduzur. Roman Qriqorçukun yetirmələri isə çempionatda 4 oyunluq məğlubiyyətsiz seriyaya malik olmaqla yanaşı, ölkə kubokunda yarımfinalın bir addımlığındadır. "Zirə”nin "Qarabağ”a səfərdə uduzacağı gözlənilən nəticədir və deməli, "Qəbələ” özündən 1 pillə irəlidə olan rəqibi ilə xal fərqini 3-ə endirə bilər. "Neftçi” isə onsuz da avrokuboklar zonasından xeyli uzaqlaşdığından, uğursuz seriyasna mütləq son qoymalıdır. Göründüyü kmi, qələbə hər 2 komandaya turnir cədvəli baxımından çox vacibdir. Tərəflər cari çempionatdakı görüşlərində hərəyə 1 dəfə 1:0 hesablı qələbəyə sevinib. Fərq ondadır ki, "Neftçi” "Qəbələ”ni ilk dövrədə olduğu kimi İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda yox, ev oyunlarını keçirdyi "Bakcell Arena”da qəbul edəcək.
"İnter” arzuolunmaz, Samir Abasov debütdə xal qazandığı rəqibə qarşı
"İnter” cari mövsümdə onun üçün arzolunmaz rəqib olan "Sumqayıt”ın qonağı olacaq. Çünki Zaur Svanadzenin yetirmələri autsayderlər sırasında yer alan rəqibini hələ ki məğlub edə bilməyib, üstəlik, evdə uduzub. Samir Abasov "Sumqayıt”ın "sükanı arxası”nda, ümumiyyətlə, Premyer Liqada baş məşqçi kimi məhz "İnter”lə ev oyununda debüt etmiş və ilk xalını qazanmışdı. Onun futbolçu karyerasında ən yaxşı dövrlərdən biri məhz "bankirlər”də keçib.
"Xəzər Lənkəran” bu həftə ardıcıl 2-ci ev oyununa çıxacaq. Elbrus Məmmədovun komandası kubokda olduğu kimi çempionatda da qalib gəlməyə iddialıdır. Cənublular qolsuzluq, qələbəsizlik sindromunu kubokda qırsa da, bu, Premyer Liqada hələ qalıb. "Xəzər Lənkəran”ın bu çempionatda 1 oyunda ən çox – 3 qolu məhz AZAL-a vurması növbəti qələbəyə böyük ümdilər yaradır. "Təyyarəçilər”in baş məşqçisi Tərlan Əhmədov məşqçiliyə məhz Lənkəranda başlayaraq 2009/10 mövsümündə Ağasəlim Mircavadovun köməkçisi olub.
Qələbə həsrətində olanların görüşü
Lənkəranda satrtı veriləcək tura paytaxtda yekun vurulacaq. "Rəvan” qış fasiləsindən sonra ilk qələbəsini bu həftə kubokda "İnter” üzərində qazandı – 2:1. Bəhmən Həsənovun yetirmələri üçün yarımfinala çıxmaq nə qədər böyük uğur olsa da, çempionat oyununa barmaqarası yanaşmaq olmaz. Axı komanda son pillədədir və birinci diviziona düşməyə ən real namizəd sayılır. Buna görə gücünü kubok matçına qorumaq düzgün yanaşma deyil.
"Kəpəz” isə qış fasiləsindən sonra 2 oyuna 6 xal toplasa da, bundan sonra artıq 3 oyundur qələbə üzünə həsrət alıb. Autsayder bu uğursuz seriyaya son qoymaq baxımından ən münasib rəqibdir. Düzdür, "Kəpəz” "Rəvan”a evdə qalib gələ bilməsə də, bazar günü çıxacağı "Bayıl Arena”da buna nail ola bilib. Gəncə klubu kubkdan kənarda qaldığından rəqibi llə müqayisədə qarşıdakı oyuna hazırlaşmağa çox vaxtı olub və yorğun olmamağı ona əlavə üstünlük verir.
5
mart (şənbə)
14:00. "Xəzər Lənkəran” – AZAL
Hakimlər:
Orxan Məmmədov, Elman Musayev, Mehman Mahmudov, Ziya Nəsirov
Lənkəran.
"Xəzər Lənkəran” mərkəzi stadionu
Cari çempionatdakı oyunlar – 3:1, 0:1
15:00. "Neftçi” – "Qəbələ”
Hakimlər:
Ömər Paşayev, Vaqif Musayev, Akif Əmirəli, Rəhim Həsənov
Bakı.
"Bakcell Arena” stadionu (canlı/CBC Sport)
Cari çempionatdakı oyunlar – 1:0, 0:1
17:00. "Sumqayıt” – "İnter”
Hakimlər:
Rauf Cabbarov, İsgəndər Əliyev, Nahid Əliyev, Rəvan Həmzəzadə
Sumqayıt.
"Kapital Bank Arena” stadionu
Cari çempionatdakı oyunlar – 1:1, 3:2
18:00.
"Qarabağ” – "Zirə”
Hakimlər:
Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, İnqilab Məmmədov
Bakı. "Azərsun
Arena” stadionu (canlı/CBC sport)
Cari çempionatdakı oyunlar – 4:1, 0:0
6 mart (bazar)
16:00. "Rəvan” – "Kəpəz”
Hakimlər:
Elvin Əsgərov, Rahil Ramazanov, Vüsal Qənbərov, Fariz Yusifov
Bakı.
"Bayıl Arena” stadionu (canlı / CBC Sport)
Cari çempionatdakı oyunlar – 2:0, 0:0
Mehman Süleymanov