
"Neftçi" ilə matçın ilk hissəsində oyun planında çatışmazlıqlarımız oldu. Futbolçularımızın ağlı hisslər üzərində hakimlik edirdi. Rəqibin çox sürətli olan gənc futbolçuları topu ələ keçirirdilər. Fasilədən iradlarımızı futbolçulara çatdırdıq və ikinci hissədə vəziyyəti xeyrimizə dəyişə bildik”. Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının XXIV turunda səfərdə "Neftçi”ni 2:1 hesabı ilə yendikləri oyundan sonra deyib.
Ukraynalı mütəxəssis ikinci hissədı meydana buraxdığı futbolçuların oyununun taleyini həll etmələrinə belə münasibət bildirib: "Deməzdim ki, "Neftçi”nin baş məşqçisi Əsgər Abdullayevi əvəzləmələrdə üstələdim. Sadəcə, əvəzetmələrimiz lazımi vaxtda oldu. Rəşad Eyubovu meydana əsas hücumçu kimi buraxmışdım. Onu həmin mövqedə ilk dəfədir görürdüm. Hiss edirdim ki, Rəşadın bu mövqedə oyunu alınacaq. Belə də oldu. O, qələbə topunu vurdu”.
Qriqorçuk ardıcıl 2-ci oyundur zədələnən Elvin Camalovun vəziyyətinin yaxşı olduğunu bildirib: "Elvin sürətlə inkişaf edir və bunun davam etməsini istəyirik. Biz ona limitə görə yox, əsas heyətə layiq olduğu üçün şans veririk”.
Baş məşqçi ona vətənindən, bu dəfə "Şaxtyor”dan maraq olması ilə bağlı öz ölkəsinin mətbuatında yayılan məlumatlarla bağlı suala ənənəvi cavabını verib: "Mən əvvəllər olduğu kimi belə suallara "şərhsiz" cavabını verirəm. "Şaxtyor”un böyük uğurlar qazanmış baş məşqçisi var. Mirça Luçesku dahidir. Ondan, "Şaxtyor”dan öyrəniləsi çox şeyimiz var”.
Xatırladaq ki, cari mövsümün ilk yarısında Roman Qrqiorçukun Ukrayna yığmasının baş məşqçi postuna namizəd olması haqda məlumatlar yayılmışdı.