Azərbaycan Premyer Liqasında cari mövsümdə 6-cı dəfə baş məşqçi istefası gerçəkləşib. Sportnet.az-ın məlumatına görə, istefa xəbərlərinin yarısı "Neftçi”dən gəlib.
Bunlardan sonuncusu martın 5-də Əsgər Abdullayevin "Qəbələ”yə "Bakcell Arena”da 1:2 hesablı məğlubiyyətindən sonra mətbuat konfransında həyata keçib. Abdullayevin jurnalistlərə açıqladığı qərarı rəhbərlik tərəfindən təsdiqlənib.
İlk istefa da "Qəbələ” ilə ev oyunundan sora mətbuat konfransında olub. Onda Samir Əliyev 8-ci turda İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda 0:1 hesablı məğlubiyyətdən sonra postunda getməyə qərar verdiyi açıqlamışdı. Ancaq "Neftçi”nin Müşahidə Şurası bunu qəbul etmədiyindən, 37 yaşlı mütəxəssis fəaliyyətini davam etdiurməli olmuşdu. Ancaq XII turda "Rəvan”a "Bakcell Arena”da 2:3 hesablı məğlubiyyət Əliyevin baş məşqçi postundan gedişini reallaşdırıb.
İlk 2 istefa isə "Kəpəz”lə oyunlardan sonra gerçəkləşib. 8-ci turda "Rəvan”ın baş məşqçisi Emin Quliyev gəncəlilərlə ev oyununda 0:2 hesabı ilı uduzduqdan sonra vəzifəsindən gedib. Növbəti turda "Kəpəz” "Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədovu istefaya göndərib. Bu, Gəncədə 1:3 hesablı məğlubiyyətdən sonra olub. Emin Quliyevi əvəzləyən Bəhmən Həsənov növbəti dəfə "Rəvan”ın baş məşqçisi olub. Aqil Məmmədovun yerinə gələn Samir Abasov isə Premyer Liqada baş məşqçi kimi "Sumqayıt"da debüt edib.
"Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov isə qış fasiləsində postundan gedib. Onun yerinə əvəzedici komandanın baş məşqçisi Elbrus Məmmədov gətirilib.
Mehman SÜLEYMANOV