"Neftçi” cari mövsümdə ən uğursuz oyunlar seriyasına imza atıb. Sportnet.az-ın məlumatına görə, "ağ-qaralar” ölkə kubokunda "Xəzər Lənkəran”la 1/4 final oyununu (2:3) da nəzərə alsaq, ardıcıl 4 matçdır uduzur.
Komanda Premyer Liqada son 3 turda səfərdə "Qarabağ” (0:2) və "Zirə”yə (0:3), evdə "Qəbələ”yə (1:2) məğlub olub. "Neftçi”nin növbəti sınağı "Xəzər Lənkəran”la kubokun cavab matçı olacaq ki, son qələbəsini də elə prinsipial rəqibini 21-ci turda fevralın 13-də "Bakcell Arena"da 1:0 hesabı ilə yenməklə qazanıb.
Məlum olduğu kimi, baş məşqçi Əsgər Abdullayev bu uğursuzluğa görə istefa verdi. Onun əvəzlədiyi Samir Əliyevin vaxtında da çempionata ardıcıl 3 məğlubiyyət olmuşdu. Bu, 7-ci turda səfərdə "Zirə” (0:2), 8-ci turda evdə "Qəbələ”yə (0:1), 9-ci turda səfərdə AZAL-a 1:2 hesablı məğlubiyyət idi. Göründüyü kimi, "ağ-qaralar” yenə zirəlilər və qəbəlilərdən ardıcıl məğlubiyyətlər alıblar.
Əsgər Abdullayevin vaxtında kubok matçı da keçirildiyindən məğlubiyyət seriyası 4-ə çatıb. Yəni təcrübəli mütəxəsis millimizdən rəhbərliyi altında oynadığı keçmiş tələbəsi Samir Əliyevdən də pis göstəriciyə imza atıb. Bu isə komandanın cari mövsümdə antirekordudur.
Xatırdalaq ki, "Neftçi"də baş məşqçi vəzifəsi müvəqqəti olaraq idman direktoru Vəli Qasımova tapşırılıb.
Mehman SÜLEYMANOV