"Bir neçə futbolçuya istirahət verməyi düşünmüşdüm. Çünki kubokda mərhələ adlamaq şansımız var. Bəzi futbolçulara şans vermişdim”. Sportnet.az "qol.az"a istinadən xəbər verir ki, bunu "Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov Azərbaycan Premyer Liqasının XXIV turunda "Kəpəz”ə evdə 1:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.
O, məğlubiyyətin səbəbini zədəli futbolçuların olması və "İnter”lə kubok oyununa daha çox diqqət ayırmaları ilə əlaqləndirib: ”Əlimizə düşən imkanlardan yararlana bilmədik. Güclü külək işimizə mane oldu. Zədəlilərimiz var idi. Orxan Lalayev hərarəti ola-ola oynayırdı. Hesabın daha da böyüməməsi üçün ikinci hissədə müdafiə futbolu oynadıq. Rəşad Əzizovun yoxluğunda qapıçımız kobud səhvlər etdi. "Kəpəz”i qələbə münasibəti ilə təbrik edirəm. Qarşıdakı oyunlarda yaxşı oynamağa çalışacağıq. Kubokda şansımız var. "İnter” yaxşı komanda olsa da, meydanda mübariz "Rəvan” görəcəksiniz. Futbolçularıma iradım yoxdur. Onlara təşəkkür edirəm. Bəlkə də, mənim səhvim futbolçulara istirahət verməyimdədir. Zədəlilərimizə görə çox əsəbi idim. İnanın, bu oyuna gəlmək istəmirdim. Əsas futbolçular olmayanda elə bil məhəllə futbolu oynayırıq. Artıq əsəbdən saçım da ağarıb. Bu da bizim qismətimizdir”.
- Sanki, çempionata önəm vermirsiniz, bütün fikirlərinizi kubok oyununa yönəltmisiniz.
- "İnter” brend komandadır. Əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, bu rəqibi keçək və kubokda yolumza davam edək.
- Ən çox hansı futbolçudan narazısınız?
- Nuran Qurbanova ümidim böyükdür. Amma stabil futbol nümayiş etdirmir. İstəyirəm ki, hər oyunda eyni futbolu oynamağı bacarsın. Ona müdafiədə futbolçu keçməyə qadağa qoymuşam. Əgər rəqibi məğlub etmək istəyirsənsə, onların mövqeyində çalışmalısan.