"AFFA İcraiyyə Komitəsinə (İK) seçilməyim üçün mənə səs verən hər kəsə təşəkkür edirəm. Başda Rövnəq Abdullayev olmaqla, federasiyanın bütün rəhbərliyinə minnətdarlığımı bildirirəm. Baxmayaraq ki, bu günə qədər sırf öz klubumuzla maraqlanırdım, bu gündən etibarən hiss etdim ki, çox ciddi bir yerdəyəm. Çünki burada daima Azərbaycan futbolunun kinkişafı üçün müzakirələr olacaq və qərarlar veriləcək". Sportnet.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Qarabağ" klubunun baş məşqçisi və İcraiyyə Komitəsinin yeni üzvü Qurban Qurbanov deyib.
O qeyd edib ki, İK-da qərarların qəbulunda doğru seçim etməyə çalışacaq: "Bu qərarlar Azərbaycan futbolunun gələcəyi üçün faydalı olmalıdır. Bugünkü görüşdə çox aktiv olmadım. İlk dəfə iclasda iştirak etdiyimə görə bəzi qərarlarla yeni maraqlanırdım. Hansı qərarlar vermək lazım olduğundan tam əmin deyildim. Bugündən sonra İK-nın iclaslarında Azərbaycan futbolunun inkişafı üçün fikirlərimi bildirəcəyəm. İlk görüş çox maraqlı oldu. Məni daha çox maraqlandıran təkcə futbol mütəxəssisləri deyil, hər sahədən üzvlərin olması idi. Bu da vacib amillərdəndir. Hər sahədə futbolun inkişafı üçün sözükeçən adamlar lazımdır. Bu da futbola marağın böyüməsinə səbəb olur.
Baş məşqçi komitəyə və bütün futbolumuza faydalı olmağa çalışacağını bildirib: "Kənardan asan görünə bilər, ancaq mənim üçün futbol daha məsuliyyətli sahə oldu".
Q.Qurbanov İK-ya necə seçilməsindən də danışıb: "AFFA rəhbərliyi ilə görüşlərimiz olurdu və öz fikirlərimizi bildirirdik. Yəni, İK-ya üzv seçilməyim birdən-birə olmadı. Son bir neçə ildə qarşılıqlı fikir mübadiləsi aparırdıq".