
Kanada yığması Azərbaycan milli komandasının tarixinə yeni rəqib kimi düşəcək. Sportnet.az-ın məlumatına görə, əsas yığmanın iyunun 3-də yoldaşlıq görüşündə üzləşəcəyi kanadalılarla heç vaxt yolu kəsişməyib.
Bu ölkənin yığması Azərbaycan millisinin yarandığı 24 ildə qarşılaşacağı 65-ci rəqibi olacaq. Maraqlıdır ki, sonuncu yeni rəqib Kanadanın qonşuluğunda yerləşən ABŞ idi. Bu 2 ölkənin milli komandası bir vaxtlar bizim üçün əlçatmaz görünsə də, artıq onlarla qüvvəmizi sınaya bilirik. Fərq ondadır ki, ABŞ-la oynamaq üçün ora yollanmışdıqsa, bu dəfə Okebaın o tayına səfərə ehtiyac olmayacaq. Çünki Azərbaycan millisi Kanada yığması elə elə Avropada, konkret Avstriyada təlim-məşq toplanışında görüşəcək. Təbii ki, Amerika qitəsinin təmsilçiləri ilə oyunlarımızın rəsmi xarakter daşıması üçün dünya çempionatının final mərhələsində iştirak vacibdir.
Amerika qitəsindən söz düşmüşkən, Azərbaycan yığması Kanada və ABŞ-dək oradan 2 rəqiblə üzləşmişdi. Braziliyalı Karlos Alberto Torresin baş məşqçiliyi vaxtında Trinidad və Tobaqoya yollanan milli komanda bu yığma ilə 2 yoldaşlıq görüşü keçirərək hər ikisində uduzmuşdu – 0:2, 0:1. Bundan 5 il sonra almaniyalı baş məşqçi Berti Foqtsun rəhbərliyi altında Honduras yığması ilə yoldaşlıq görüşü də elə Avstriyadakı təlim-məşq toplanışında baş tutaraq qolsuz bərabərliklə nəticələnmişdi.
Təbii ki, Azərbaycan milli komandası ən çox avropalılarla görüşüb – 44 dəfə. Bunlar Avstriya, Albaniya, Andorra, Almaniya, Belarus, Belçika, Bolqarıstan, Bosniya və Herseqovina, Qazaxıstan, Estoniya, İngiltərə, İtaliya, İsrail, İslandiya, İspaniya, İsveç, İsveçrə, Kipr, Gürcüstan, Litva, Latviya, Lixtenşteyn, Lüksemburq, Macarıstan, Makedoniya, Malta, Moldova, Norveç, Polşa, Portuqaliya, Rusiya, Rumıniya, Serbiya və Çernoqoriya, Serbiya, Slovakiya, Şimali İrlandiya, Türkiyə, Ukrayna, Uels, Çexiya, Çernoqoriya, Farer adaları, Finlandiya və Fransa yığmalarıdır. Asiya təmsilçiləri 17 dəfə rəqibimiz olub. Bura Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Hindistan, İordaniya, İran, İraq, Qırğızıstan, Oman, Fələstin, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkmənistan, Tacikistan, Özbəkistan, Filippin və Yaponiya milliləri daxildir.
Əslində, 65-cı rəqibimiz San-Marino yığması olmalı idi. Çünki Azərbaycan millisi növbəti seçmə mərhələdə rəqiblərdən yalnız bu yığma ilə hələ görüşməyib və DÇ-2018-də mübarizəyə də bu ilin sentyabrın 4-də səfərdə məhz onunla matçla başlayacaq. Ancaq Kanada millisi ilə oyun həmin rəsmi görüşədək olacağından, "cırtdan ölkə"nin yığması bizim üçün 66-cı rəqib kimi tarixə düşəcək.