Azərbaycan Premyer Liqasının son turu "Kəpəz”lə "Zirə”nin həsrətinə son qoyub. Sportnet.az-ın məlumatına görə, Şahin Diniyevin komandası 35 günlük fasilədən sonra Gəncədə qalib gələ bilib.
Bu, "Xəzər Lənkəran”la matçda qazanılan 2:0 hesablı qələbə olub. Gəncədə də son qələbə məhz bu hesabla olub. Bu, fevralın 7-də XX turun AZAL-la qarşılaşmasında gerçəkləşib - 2:0. "Kəpəz”in Gəncə həsrətinə Turallar son qoyublar. Bu adı daşıyan həm Nərimanov, həm də Rzayev komandada qol hesablarını açıblar. Yeri gəlmişkən, bu turda ilk qolunu vuranlar çox olub - AZAL-dan Kamal Mirzəyev, "Qarabağ”dan Migel Madera, "İnter”dən Mirsahib Abbasov, "Rəvan”dan Ruslan Tağızadə.
"Zirə” ölkə kubokunu da nəzərə alsaq, ardıcıl 3 oyundur məğlub olurdu və buna səfərdə - "Qəbələ" ilə matçda 2:1 hesablı əzmkar qələbə ilə son qoyulub. Nəticədə Adil Şükürovun komandası 15 gündən sonra yenidən qələbə sevinci yaşayıb.
Autsayderlər "Xəzər Lənkəran”la "Rəvan”ın həsrəti isə hələ də davam edir. "Rəvan” bu il çempionatda qələbə qazanmağı bacarmayıbsa, lənkəranlılar qol da vura bilməyiblər. Turnir cədvəlində son pillənin sahibləri ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununda evdə qalib gəlsələr də, səfərdə aldıqları məğlubiyyət nəticəsində mübarizəni dayandırıblar.