"Qarabağ” "Qəbələ” ilə oyunlarda qələbə həsrətinə son qoyub. Sportnet.az-ın məlumatına görə, Ağdam təmsilçisi rəqibini 2014-cü ilin oktyabrın 17-dan bu yana yenə bilmirdi. 519 gündən sonra qazanılan qələbə Premyer Liqanın 26-cı turunda bu gün Qəbələ şəhər stadionunda oldu – 2:1.
Bununla da "Qarabağ” Roman Qriqorçukun vaxtında ilk dəfə rəqibini məğlub etdi. "Qəbələ” ukraynalı çalışdırıcısının vaxtında Qurban Qurbanovun yetirmələri ilə keçirdiyi 5 oyundan 2 qələbə qazanmış, 3 heç-heçə etmişdi. Düzdür, ağdamlıların uğursuz seriyasının başladığı ilk oyunda (1:2) "Qəbələ”ni oyuna baş məşqçi əvəzi olan Sənan Qurbanov çıxarsa da, Qriqorçuk həmin vaxt artıq komandaya gəlmişdi. Sadəcə, baş məşqçi kimi rəsmi təqdimatı olmayan Roman İosifoviç matçı tribunadan izləyirdi.
Son çempionatın qalibi olan "Qarabağ”ın belə uzun müddətdir məğlub edə bilmədiyi rəqibi olmamışdı. Son qələbə isə ötən mövsümün ilk dörvsəində Tofiq Bəhramov adına Respublika stadionunda 2:0 hesabı ilə qazanılmışdı. Qurban Qurbanovun komandası "Qəbələ”ni artıq 16 xal qabaqlayır. Roman Qriqorçukun yetirmələri məğlubiyyət nəticəsində turnir cədvəlində 3-cü yeri əldən verib. Bu pilləni ələ keçirən "Kəpəz” "Qəbələ”ni 1 xal qabaqlayır. Qəbələlilər ardıcıl 2-ci məğlubiyyətini alıb və hər ikisi öz meydanında 1:2 hesabı ilə olub.
Qeyd edək ki, Qriqorçukla Qurbanov ötən il Azərbaycanda ilin ən yaxşı məşqçiləri seçilib.