"Qəbələ”nin estoniyalı futbolçusu Sergey Zenyov "qol orucu”nu poza bilib. Sportnet.az–ın məlumatına görə, 27 yaşlı hücumçu Azərbaycan Premyer Liqasında hələ ki "Qarabağ”ın qapısına yol tapır.
Milli çempionatda debütündə İbrahim Şehiçi məyus edən Zenyov bosniyalı qapıçını yenə Qəbələdəki oyunun ilk hissəsində topu tordan çıxarmağa məcbur edib. Ancaq bu dəfə onun qolu xal üçün yetməyib. "Qəbələ” ilk turda avqustun 10-da 2:2 hesablı bərabərliyə qaldığı "Qarabağ”la 222 gündən sonra ev oyununda uduzub – 1:2.
Bu, Zenyovun ötən yaydan şərəfini qoruduğu "Qəbələ”də 4-cü qoludur. O, Avropa Liqasının II təsnifat mərhələsində Serbiyanın "Çukariçki” klubu ilə "Bakcell Arena”dakı cavab matçında etdiyi "dubl"la komandasını cütün qalibi etmişdi. Həmin ev oyununun iyulun 23-də olduğunu nəzərə alsaq, Sergey "Qəbələ”də 18 günə 3 qol vura bilib. Ancaq bundan sonra 7 aydan artıq qolsuzluq davam edib və ölkə kubokunda da qırılmayıb. Görünüdüyü kimi, Zenyov hazırkı komandasında hələ ki səfər matçında fərqlənə bilməyib.