Azərbaycan milli komandasının futbolçusu Elvin Məmmədov üçün Premyer Liqanın son turu əlamətdar olub. Sportnet.az-ın məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi qış fasiləsindən sonra çıxış etdiyi "Zirə”də qol hesabını açıb. Elvin AZAL-la ev oyununun (4:2) 58-ci dəqiqəsində hesabı 2:1 komandasının xeyrinə edib. Sonda zirəlilər 4:2 hesablı qələbə qazanıblar.
Məmmədov hazırkı klubun heyətində bu çempionatda 5-ci matçında siftə edib. Yəni 5 rəqəmi onun düşərlidir. Çünki futbolçu 2003-cü ildəm çıxış etdiyi milli çempionatda 5-ci komandaslnda qol hesabını açıb. Elvin daha öncə "Turan” (49 oyun, 3 qol), "İnter” (51 oyun, 7 qol), "Qarabağ” (70 oyun, 3 qol) və "Bakı”da (73 oyun, 3 qol) oynayıb. Göründüyü kimi, o, milli çempionatda 250-ə yaxın oyun (243) keçirsə də, cəmi 16 qol vurub. Bu isə məhsuldarlığının aşağı olması deməkdir.
Halbuki, Elvin milli komandada ən məhsuldar futbolçular sırasında yer alıb. Belə ki, onun hesabına 35 oyunda 7 qol var. Məmmədovdan yuxarıda yer alan futbolçuların hamısının (Qurban Qurbanov. Vaqif Cavadov, Rauf Əliyev, Branimir Subaşiç) milllidən kənarda qaldığını nəzərə alsaq, hazırkı heyətdə ən sərrast futbolçudur.
Elvin cari çempionata "Qarabağ”da başlayaraq cəmi 1 qola imza atıb. Bu, 5-ci turda "Kəpəz”ə səfərdə 3:2 hesabı ilə qalib gəldikləri matçın (3:2) 74-cü dəqiqəsində penaltidən vurduğu qoldur. Həmin oyunun ötən ilin sentyabrın 20-də keçirildiyini nəzərə alsaq, Məmmədov bu dəfə martın 20-yə, yəni 182 gün sonra fərqlənib. Bununla da yarımmüdafiəçi 13-cü ildir iştirakçısı olduğu milli çempionatda 17-ci qolunu vurub.
Qeyd edək ki, Elvin yeganə çempionluğunu (2007/08) "İnter”lə qazanıb. O, növbəti mövsüm bu komandanın heyətində gümüş medalçı olub. Məmmədov "Qarabağ”la isə ardıcıl 2 mövsüm (2009/10 və 2010/11) bürünc medal qazanıb. Futboluçunun Azərbaycan kubokunun qazanması isə 2011/12 mövsümündə "Bakı”nın heyətində olub.