Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığma komandası (U-21) 2017-ci il Avropa çempionatının seçmə mərhələsində (Avro-2017) yer aldığı qrupda görünməmiş nəticəyə imza atıb. Sportnet.az-ın məlumatına görə, Yaşar Vahabzadənin yetirmələri cari tsikldə 8-ci oyununda Rusiya yığması ilə səfərdə 2:2 hesablı bərabərliyə qalıb.
Əslində, heç-heçə adi nəticə sayılır. Ancaq məsələ ondadır ki, bu, nəinki yığmamızın, ümumiyyətlə, qrupda ilk bərabərlik olub. Yəni 7-ci qrupda oyunların böyük əksəriyyəti artıq keçirilsə də, hələ də heç-heçə qeydə alınmamışdı.
Avro-2017-də 9 qrupa nəzərə yetirsək, 8-ci qrupda da oxşar mənzərəni görə bilərik. Fərq ondadır ki, həmin yeganə heç-heçə ötən ilin noyabrın 17-də qeydə alınıb. Maraqlıdır ki, Belarus – Kipr matçı da 2:2 hesabı ilə nəticələnib.
Qeyd edək ki, U-21 yığmamız Bakıda 3:0 hesabı ilə qalib gəldiyi ruslarla oyunları məğlubiyyətsiz başa vuraraq 4 xal toplaya bilib. Şimal qonşularımızla qoşa oyunlarda heç bir komandamıza bu nəticəni qazanmaq nəsib olmamışdı. Hesabında 7 xal olan Yaşar Vahabzadənin yetirmələri daha bir qələbə qazanacağı halda, U-21-in 22 illik tarixində xal hesabında yeni rekorçdu olacaq. Qarşıdakı matçın autsayder, hesabında xal olmayan Farer adaları ilə olduğunuzu nəzərə alsaq, sentyabrın 6-da tarixi nəticəyə imza atma şansı çox yüksəkdir.