Sabah Azərbaycan və Qazaxıstan milli komandaları tarixlərində 9-cu dəfə görüşəcək. Sportnet.az-ın məlumatına görə, yığmalar arasında oyunları balansı bərabərdir. Belə ki, milli komandalar 8 oyunda hərəyə 2 dəfə qələbəni bayram edib, qalan 4 matç isə heç-heçə nəticələnib (topların fərqi 12-12). Göründüyü kimi, sabah qalib gələn yığma balansda önə keçəcək.
Düzdür, milli komandamız qazaxlarla ilk görüşündə rəqibi U-21 yığması olsa da, bu matç onun hesabına yazıldı. Qalan 7 oyunda isə əsas yığmalar üzləşiblər. Görüşlərin yarısı rəsmi, yarısı qeyri-rəsmi oyunlar olub. Rəsmi matçlar Avropa çempionatının seçmə mərhələsinə təsadüf edib. İlk tsikldə eyni hesablı bərabərliklər qeydə alınıbsa, növbətidə hərəsi öz meydanında minimal fərqli qələbə qazanıb.
Azərbaycan və Qazaxıstan yığmaları sabah görüşəcəkləri Antlayada bunadək də yoldaşlıq görüşü keçiriblər. Qolsuz nəticələnən yeganə matç 8 il öncəki həmin qarşılaşmadır. Milli komandalar arasında oyunlarda ən çox meydanda olanlar hazırkı kapitanlar – Rəşad Sadıqovla Samat Smakovdur. Hər iki təcrübəli futbolçu mərkəz müdafiəçisidir.
Azərbaycan və Qazaxıstan milli komandaları arasında oyunlar
1. 08.06.1993. Tehran.Beynəlxalq turnir. Azərbaycan – Qazaxıstan (U-21) - 3:3
2. 28.04.2004. Almatı.Yoldaşlıq görüşü. Qazaxıstan – Azərbaycan - 2:3
3. 06.09.2006. Bakı.Avro-2008-nin seçmə oyunu. Azərbaycan – Qazaxıstan - 1:1
4. 09.03.2007.Çimkənd. Beynəlxalq turnir. Qazaxıstan – Azərbaycan - 1:0
5. 06.06.2007. Almatı. Avro-2008-nin seçmə oyunu. Qazaxıstan – Azərbaycan - 1:1
6. 03.02.2008. Antalya.Yoldaşlıq görüşü. Azərbaycan – Qazaxıstan - 0:0
7. 03.06.2011. Astana.Avro-2012-nin seçmə oyunu. Qazaxıstan – Azərbaycan - 2:1
8. 06.09.2011. Bakı. Avro-2012-nin seçmə oyunu. Azərbaycan – Qazaxıstan - 3:2