Azərbaycan millisinin futbolçusu Ruslan Abışov Qazaxıstana 0:1 hesabı ilə uduzduqları yoldaşlıq oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az Abışovun müsahibəsini təqdim edir...
- Düşünmürsən ki, bir həftəlik toplanış boşa getdi?
- Yoldaşlıq oyunu olsa da, qələbə üçün hazırlaşırdıq. Amma həmişəki kimi standard vəziyyətdən qol buraxdıq. Real qol şansımız olmasa da, çalışırdıq ki, ən azı hesabı bərabərləşdirək. Ancaq olmadı. Qarşıda Avstriya toplanışı var. Yaxşı hazılaşmalıyıq ki, belə səhvlər buraxmayaq.
- Qazaxıstan bizdən daha güclü idi, yoxsa bəxtləri gətirdi?
- Bu 3 xalı biz qazansaydıq, daha yaxşı olardı. Bilirdik ki, reytinq cədvəlinə təsir edəcək. Bunun üçün şansımız var idi. Artıq oyun qutarıb, bu barədə danışmağın mənası yoxdur. Yüz fazilik epizodları qola çevirə bilmiriksə, bəxtdən söhbət gedə bilməz. Burada ustalıq, peşəkarlıq lazımdır.
- Hücumun müsbət sonluqla başa çatmasında problem var...
- Bu barədə heç nə deyə bilməyəcəyəm. Komandanın baş məşqçisi var. Əlbəttə, məşqçilər korpusu oyunları təhlil edir. Səhvləri onlar yaxşı görürlər. Hansı mövqedə səhvlər olduğunu görüb, aradan qaldıracaqlar.
- Öz oyunundan necə, razı qaldın?
- Açığı, belə oynayacağımı gözləmirdim. Çünki matçın sonuna 15 dəqiqə qalmış meydana çıxdım. Gücüm çatanı elədim. Hələ ki, səbr edirəm. Çalışacağam ki, bundan sonra hər şey daha yaxşı olsun.