1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Kiminsə bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq istəmirik"
"Məncə, həm azarkeşlər, həm də çempionat üçün maraqlı oyun alındı. İlk dəqiqələrdən məqsədimiz aqressiv oyun göstərmək, təzyiq etmək, meydanın hər qarışı uğrunda mübarizə aparmaq idi". Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Şahin Diniyev Gəncədə "Zirə"yə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXVII tur matçından sonra CBC Sport-a deyib.
Onun fikrincə, komandası məqsədinə nail olub: "İkili mübarizələrdə daha çox qalib gələn komanda uddu. Bu gün biz qələbəyə, 3 xala layiq idik".
Diniyev "Zirə"nin heyətində Salvador millisinin düşərgəsində olan Nelson Bonilyanın yoxluğunun "Kəpəz" üçün üstünlük olması fikri ilə razılaşmayıb: "Deməzdim ki, Bonilyanın yoxluğu işimizi asanlaşdırdı. Müdafiə xəttimiz neçə vaxtdır sabit, etibarlı oyun göstərə bilir. "Zirə"də Bonilya, bizdə isə Julien Ebah yox idi. Hər ikisi yüksək səviyyəli oyunçudur. Yəni, şanslar bərabər idi. Ön xətdə həm rəqibin, həm də bizim itkimiz var idi. Amma məncə, müdafiəçilərimizin göstərdiyi etibarlı, sadə oyunla hər bir hücumçunun qarşısını ala bilərdik".
Bu qələbə sayəsində "Kəpəz" 45 xalla 3-cü pilləyə yüksəlib. Gəncə komandasının ən yaxın izləyicilərindən olan "Qəbələ" isə səfərdə AZAL-a uduzaraq, 41 xalla 5-ci pillədə qalıb. Təcrübəli mütəxəssis "qırmızı-qaralar"ın məğlubiyyətinə sevinmədiklərini bildirib: "Biz kiminsə bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq istəmirik. Biz öz oyunumuzu düşünməli, hər oyuna maksimum nəticə üçün çıxmalıyıq. 3 xallıq sistemlə aradakı fərq çox təhlükəlidir. 2 oyunluq uğursuzluqdan sonra hər bir komanda sənə çata bilər. Qalan 9 turda daha yaxşı, mükəmməl çıxış edib səhvlərimizi minimuma endirməli və yolumuza davam etməliyik".
Növbəti turda "Kəpəz"i məhz AZAL-la səfər oyunu gözləyir. Diniyev Premyer Liqadakı 9 rəqibin hamısına hörmətlə yanaşdıqlarını söyləyib. O, komandasını daha maraqlı və rəngarəng oyunlardan birinin gözlədiyini vurğulayıb.