"Xəzər Lənkəran” Premyer Liqada qolsuzluq sindromunu nəhayət, qıra bilib. Sportnet.az-ın məlumatına görə, cənub təmsilçisi qış fasiləsindən sonra çempionatda ilk qolunu vurub. Bu, "Sumqayıt”a səfərdə 1:2 hesabı ilə uduzduqları oyunun 49-cu dəqiqəsində penaltidən hesabı açan 21 yaşlı müdafiəçi Zaman Mirzəzadə olub.
Bununla da Zaman komandası üçün 150 günlük uğursuz zamanı dayandıra bilib. Əslində, lənkəranlılar qış fasiəsindən sona rəqib qapısına yol tapa bilmişdi. Özü də 1 oyunda 3 qol vurmaqla. Ancaq bu, "Neftçi” ilə ölkə kuboku matçında olmuşdu.
Qeyd edək ki, "Xəzər Lənkəran” Premyer Liqada sonuncu qolunu 11-ci turda noyabrın 2-də "Rəvan”la səfər oyununda (1:0) vurmuşdu. Onda 80-ci dəqiqədə yarımmüdafiəçi Elnur Cəfərov fərqlənmişdi. Bu, Lənkəran klubunun Premyer Liqada hələ ki son qələbəsidir. Cənublular çempionatda 1491 dəqiqədən sonra qol sevinci yaşayıb.