"İnter" ilin ilk rübündə görlüən işlərlə bağlı məlumat yayıb. Sportnet.az həmin məlumatları təqdim edir
Klubda restrukturizasiya aparılmış, klubun strukturuna yenidən nəzər yetirilməsi nəticəsində xərclərin optimallaşdırılmasına nail olunmuşdur. "İnter Arena” stadionuna, otelə və bazaya xidmət göstərən şəxsi heyət birləşdirilmişdir ki, bunun da sayəsində rəhbər heyətini üç dəfə ixtisar etmək mümkün olmuşdur. "Stadion direktoru” və "baza direktoru” kimi vəzifələr ləğv olunmuş, stadionun idarəçiliyi "İnter Arena”nın baş inzibatçının ixtiyarına verilmişdir.
Bütün anbar otaqlarının inventarizasiyası aparılmış, tam nəzarət həyata keçirilməsi üçün həmin otaqlar birləşdirilmişdir.
Mühafizə xidməti tam dəyişdirilmiş və dövlət obyektinin yüksək səviyyəli mühafizəsini təmin etmək məqsədilə daxili resursların yerinə həmin xərclər müqabilində peşəkar şirkət dəvət olunmuşdur.
Xərclər üzrə:
Komanda üçün dərmanların və dərman preparatların alınması sistemi mərkəzləşdirilmiş və mini-baza yaradılmışdır ki, bunun da sayəsində xərcləri 2,5 dəfə azaltmaq mümkün olmuşdur.
İdman geyim dəsti JOMA markasına dəyişdirilmiş və güclü nəzarət sisteminin yaradılması geyim dəstinə yönəldilən xərcləri 3 dəfə ixtisar etməyə imkan vermişdir.
AZERCELL ilə tərəfdaşlıq müqaviləsi imzalanmışdır ki, bu da telefon xərclərini praktiki olaraq minimuma endirmişdir.
UEFA-dan göndərilən vəsait hesabına akademiyanın yetirmələri üçün (250 uşaq) toplar, oyun və məşq idman formaları alınmışdır.
Cüdo zalı arendaya verilmişdir ki, bu da ona çəkilən kommunal xərclərini tam kompensasiya etməyə imkan yaratmışdır.
Borclar üzrə:
Ötən mövsüm üzrə oyunçulara və məqçilərə olan borclar, demək olar ki, tam bağlanmışdır. Bu günə olan məlumata əsasən, ancaq iki futbolçunun borcları ödənməmiş qalır (bu da yalnız müqavilələrin ləğv edilməsi üzrə kompensasiyalardır).
Borclarımız olan bütün kontr-agentlərlə (təqribən 10) üzləşmə aktları və altı ay və ya hətta bir il möhlətinə ödəmək barədə yenidən razılaşmalar imzalanmışdır. Bu agentlərdən dördünə isə olan borclar tam bağlanmışdır.
Peşəkar Futbol Liqasına (PFL) olan borcun böyük hissəsi ödənilmişdir, həmin borcun bir hissəsi teleyayım hüququna görə ayrılacaq vəsait hesabına, qalan hissəsi də möhlətlə mövsümün sonunadək bağlanacaqdır.
UEFA və FİFA-ya olan borclar (sanksiya cərimələri) tam ödənilmişdir.
Şəxsi heyətə olan borclar qismən ödənilmiş, işdən azad olunan şəxslərə olan borclar da kompensasiya və yekun hesablaşmalar qismində tam bağlanmışdır. Sosial ödəmələr üzrə borclar artıq yoxdur.
Təmir üzrə:
Komandaların, hakimlər briqadasının soyunub-geyinmə otaqları tam yenilənmiş və təmir olunmuşdur.
Soyunub-geyinmə otaqları və stadion arasında tunel təmir olunmuş və tam videonəzarət altına alınmışdır.
VİP, qonaq, AFFA və PFL nümayəndələri üçün otaqlar təmir olunmuşdur.
Əsas komanda üçün yeməkxana səhmana salınmış, həmçinin idman formalarına nömrələrin yazılması və yapışdırılması otağının, o cümlədən anbarın təmiri həyata keçirilmişdir.
Bazada dam örtüyü dəyişdirilmiş, onun 1-ci mərtəbəsi tam təmir olunmuş, hazırda 2-ci mərtəbənin bərpası həyata keçirilir.
Elektrik işığının və suyun optimallaşdırılması və yenidən paylanması sayəsində kommunal xərclərə 20-25 faiz qənaət etmək mümkün olmuşdur.
Səsləndirmə, yanğından mühafizə və videonəzarət sisteminin bərpası və optimallaşdırılması üzrə işlərə başlanılmışdır.
Uşaq akademiyası üçün otaqların və meydançaların yenidən qurulması məqsədilə müvafiq şirkətlə tərəfdaşlıq müqaviləsi imzalanmışdır. İşlər artıq aparılır.
Klub üzrə:
Daxili şəbəkənin və kompüterləşdirmənin optimallaşdırılması üzrə zəruri işlər həyata keçirilmişdir. Microsoft korporasiyasının məhsulları olan "Windows” və "Office” proqramlarının zəruri sayda lisenziyası alınmışdır.
Daxili resurslar hesabına klubun yeni saytı yaradılmış və saytın yüksək səviyyədə təqdimat mərasimi keçirilmişdir.
Klubun sosial şəbəkələrdəki rəsmi səhifələrinin fəallığı artırılmış və "İnter”PİK-ə maraq göstərən azarkeşlərin sayında real artım müşahidə olunur ki, bu da gələcəkdə stadiona gələnlərin sayına müsbət təsir göstərəcək.
Kütləvi İnformasiya Vasitələrilə işgüzar münasibətlər yaradılmışdır. Stadionda KİV üçün ayrı otaq istismara verilmişdir. Klubun müsbət imicinin bərpası üçün işlər görülmüşdür və bu proses davam etdirilir.
Klubun əməkdaşları və işçiləri üçün korporativ davranış qaydaları hazırlanmış və təsdiq edilmişdir.
"İnter Arena” stadionundan oyunlar zamanı istifadə təlimatları hazırlanmış və təsdiq edilmişdir.
Oyun zamanı "İnter Arena”stadionunda azarkeşlərin davranış qaydaları hazırlanmış və təsdiq edilmişdir. Hazırlanmış bütün bu və digər qaydalar klubun rəsmi saytında yerləşdirilmişdir.
Stadionda aktuallığını itirmiş köhnə banerlər yenilərilə əvəz olunmuşdur. Heydər Əliyev prospektində stadion adının lövhəsi hazırlanmış və şüşə konstruksiyaya bərkidilmişdir. Prospekt tərəfdən stadionun tam işıqlandırılmasının mümkünlüyü araşdırılır və zəruri layihələr hazırlanır.
Komanda üzrə:
Yeni futbolçuların cəlb edilməsi siyasəti dəyişdirilmiş və üstünlük əsasən yerli futbolçulara yönəldilir.
Xərclərin optimallaşdırılması sayəsində komandanın büdcəsinin əvvəlki səviyyədə qalmasına nail olunmuşdur.
Minimal büdcə və maksimal nəticə ilə Türkiyədə qış məşq-təlim toplanışı aparılmışdır.
Qış mövsümündə həyata keçirilmiş dəqiq transferlər komandaya çempionatın turnir cədvəlində aparıcı mövqeyini qorumağa və Avrokubok yarışları zonasında qalmağa, o cümlədən ölkə kubokunun yarımfinal mərhələsinə çıxmağa imkan vermişdir.
Komandada işgüzar mühitin yaradılması və sıx əməkdaşlıq atmosferinin hökm sürməsi "İnter”FK-nın bundan sonra da çempionatın sonunadək yüksək səviyyədə çıxış etməsinə, o cümlədən yay mövsümündə gənc istedadlı yerli futbolçular hesabına güclənməsinə imkan verəcəkdir.
Yeniliklər
Oyun zamanı hər iki komandanın futbolçuları meydana çıxarkən onları "İnter”PİK-in uşaq futbolçuları müşayiət edirlər.
Qonaq komandanın azarkeşlərinə stadionda ayrıca sector ayrılmış və təhlükəsizlik tədbiləri daha da gücləndirilmişdir.
Stadiona girişlərdə gətirilməsi qadağan olunmuş əşyaların siyahısı yazılmış plakatlar asılmışdır.
Oyuna tamaşa etməyə gələnlərə gətirilməsi qadağan olunan əşyaların siyahısı və stadionun sxemi əks olunmuş flayerlər paylanılır.