AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsi dünən "Qəbələ"ylə bu klubun sabiq futbolçusu Ruslan Əmircanov arasındakı məsələyə baxıb. Sportnet.az-ın məlumatına görə, komitənin qərarına əsasən "Qəbələ” sabiq futbolçusuna onun iddia etdiyi qədər – 120 min dollar ödəməyəcək.
Məsələni araşdıran qurum bir çox məsələlərdə klubun haqlı olduğun qənaətinə gəlib və "Qəbələ” tərəfindən məbləğin yalnız üçdə birinin – 40 min dolların futbolçuya ödənməsi barədə qərar çıxarıb. "Qəbələ” 15 gün ərzində bu qərara etiraz edə və apellyasiya şikayəti verə bilər.
Qeyd edək ki, 2014-cü ilin mayında "Qəbələ” ilə birillik müqavilə bağlayan Əmircanov "qırmızı-qara” forma ilə cəmi 8 oyuna (674 dəqiqə) çıxıb. 2014-2015 mövsümü ərzində zədədən əziyyət çəkən futbolçu Türkiyədə və İtaliyada klub hesabına müalicə edilib.