"4:0 hesablı qələbəyə rəğmən, çoxlu top itkilərimiz oldu. Çoxdandır süni örtükdə oynamırdıq. Süni örtük futbolçulara istər-istəməz problem yaradırdı". Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "İnter"i 4:0 hesabı ilə yendikləri Azərbaycan Kubokunun ilk yarımfinal matçından sonra CBC Sport-a deyib.
44 yaşlı mütəxəssis hər səhvdən sonra futbolçularının yaxşı müdafiə olunmağı düşünmələrini müsbət qiymətləndirib: "Əlbəttə, ilk oyunda 4 qol yaxşı nəticədir. Amma mən dəfələrlə demişəm ki, bundan sonra hesabı yox, oyunumuzu daha da yaxşılaşmağı düşünməliyik. Bu hesab bizim üçün heç nə demək deyil. Qarşıda bizim "Zirə" ilə çətin çempionat oyunumuz var. Cavab oyununda isə ən doğrusunu etməyə çalışacağıq".
Qurbanov Maksim Medvedevlə Muarem Muaremin zədələnmələrinə də münasibət bildirib: "Açığı, Maksim isinmə hərəkətləri zamanı əzələsində bir az ağrı hiss etdi. Biz də riskə yol vermədik. Əvvəllər də demişdim ki, mövsümün sonuna yaxın mikrozədələr çoxala bilər. Biz çox diqqətli olmalıyıq. Futbolçuları bəzi yükləmələrdən azad etməklə kiçik zədələrdən qorumalıyıq. Futbol elə oyundur ki, bəzən düşünmədiyin an belə zədələr olur. Ola bilər, yorğunluq da öz sözünü dedi. Oyunun əvvəlində süni örtüyün hər hansı yükləməyə səbəb olduğuna inanmıram. Amma ola bilər ki, zədələrdə süni örtüyün hardasa rolu olsun. Heç birində riskə getmək istəmədik".
Qeyd edək ki, cavab görüşü mayın 4-də keçiriləcək.