
Azərbaycan Premyer Liqasının 32-ci turu çempionluğun müəyyənləşməsi ilə əlamətdar olub. Sportnet.az-ın məlumatına görə, turda qalib gələn yeganə qonaq komanda olan "Qarabağ” ardıcıl 3-cü, tarixində 4-cü çempionluğu bayram edib.
Maraqlıdır ki, meydan sahiblərindən yeganə uduzan bunadək çempionatda evdə məğlubiyyət nə olduğunu bilməyən "Zirə” olub. Bununla da debütantın Avropada da öyünə bildiyi rekordu, evdə 16 oyunluq məğlubiyyətsiz seriyası qırılıb.
Adil Şükürovun yetirmələri gümüş medalı böyük ölçüdə təmin etsələr də, liderlər görüşlərdə çox zəif göstəriciyə imza atıblar. Təsadüfi deyil ki, "Zirə” "Qarabağ”la 4 oyunun heç birində qalib gələ bilməyib. Liderlərlə görüşlərdə cəmi 1 qol, cəmi 1 xal isə onun ən yaxın izləyicisi üçün uğursuz nəticə sayılmalıdır.
Son tur "Qarabağ”ın çempionluğu ilə yanaşı, bir sıra digər məqamlar baxımından yaddaqalan olub. Əvvəla, 32-ci tur yetərincə məhsuldar alınıb. Belə ki, 5 oyunda 16 qol vurulub. Bu isə orta hesabla 1 matça 3 qol deməkdir. Yalnız AZAL – "Xəzər Lənkəran” matçında 1 qol qeydə alınıb.
Tur 11 metrlik cərimə zərbələri sarıdan isə bol olub. Təsəvvür edin ki, təkcə "İnter” – "Sumqayıt” matçında qolla nəticələnməyən 3 penalti zərbəsi olub. Qonaqlar əvvəlcə Ağabala Ramazanov, sonra Vaqif Cavadovla penaltidən fərqlənməyə çalışsalar da, heç biri fayda verməyib. Meydan sahiblərindən isə gürcü legioneri Nika Kvekveskiri 90+4-cü dəqiqədə 11 metrlik zərbəsindən topa tora göndərə bilməyib. Düzdür, Nika azərbaycanlı həmkarlarından fərqli olaraq təkrar zərbəylə qol müəllifi olub. Yeri gəlmişkən, Gürcüstan millisinin da üzvü olan Kvekveskiri cari mövsümdə artıq 2-ci dəfədir belə aqibətlə üzləşib. O, "Rəvan”la elə "İnter Arena”da keçirilən kubok matçında da penalti zamanı qapıçıdan qayıdan topu "çərçivə"dən keçirib.
Gəncədəki matçda təyin edilən penaltilər isə dəqiq yerinə yetirilib. "Kəpəz”ın kapitanı Tural Axundov ştatlı penaltçı bacarığını növbəti dəfə nümayiş etdirib. Elə "Rəvan”dan da 11 metrlik cərimə zərbəsini kapitanı, yarımmüdafiəçi Ramazan Abbasov qola çevirib. Nəhayət, turda 7-ci penalti Qəbələdəki matçda olub. Cavid Hüseynov "Qəbələ”də olmadığı vaxtda 11 metrlik cərimə zərbəsi vurmaq missiyasını öz üzərinə götürən ukraynalı yarımmüdafiəçi Aleksey Qay yenə dəqiq olub.
Turda vurulmayan penaltilərlə yanaşı, qırmızı vərəqələr də "İnter Arena”da qeydə alınıb. Azərbaycan milli komandasının da əsas qapıçısı olan Kamran Aayev zədədən sonra qayıdışını son ümid foluna görə meydandan çıxarılmaqla "qeyd edib”. Digər "qırmızı"nın müəllifi isə "Sumqayıt”ın müdafiəçisi Cəmil Hacıyev olub. O, cari çempionatda ən çox avtoqol (2 dəfə) edən futbolçu kimi antirekordçudur. Avtoqoldan söz düşmüşkən, bu, Gəncədəki oyunda olub. ”Rəvan”ın müdafiəçisi Kənan Müslümov qapıların yerini səhv salıb.
Bürünc medal uğrunda mübarizədə bu turadək üçhakimiyyətlilik idisə, artıq 3-cü pilləyə yalnız "Kəpəz” sahibdir. "Qəbələ” iə "İnter” özlərindən aşağıda gedən komandalarla evdə 2:2 hesablı bərabılik edərək vacib 2 xal itiriblər. İndi bu komandalar eyni xal mailik olaraq 4-5-ci pillələri bölüşdürsələr də, qəbələlilər şəxsi oyunlara görə öndədir.
"Neftçi”nin xal itkisi isə AZAL-ın işinə yarayıb. "Zirə” ilə "İnter” Avropa Liqasına gedə bilmədiklərindən 6-cı yer bu turnir vəsiqə verdiyindən, hazırda həmin mövqedə olan "təyyarəçilər”in şansı bir qədər də artıb. İndi Tərlan Əhmədovun komandası "Neftçi”ni artıq 5 xal qabaqlayır. Autsayderlər "Xəzər Lənkəran”la "Rəvan” isə məğlubiyyətləri sıralayaraq eyni xalla 9-cu yerə şərikdirlər. Sadəcə, "Rəvan” şəxsi oyunlara görə onu birinci diviziona göndərən sonuncu pillədədir. Ancaq bu komandalar arasında oyun qalıb və Bəhmən Həəsnovun yetirmələri həmin son tur matçında meydan sahibi olacaqlar.