Vaqif Cavadov bu ildən şərəfini qoruduğu "Sumqayıt"da qol hesabını açıb. Sportnet.az-ın məlumatına görə, Azərbaycan milli komandasının sabiq hücumçusu Premyer Liqanın 32-ci turunda "İnter"lə səfər matçının 6-cı dəqiqəsində hesabı açıb. O, millidə komanda yoldaşı olmuş Kamran Ağayevi topu tordan çıxartmağa məcbur edib.
Cavadov eyni zamanda 2 illik fasilədən sonra Azərbaycan milli çempionatında qol vurub. Maraqlıdır ki, o, sonuncu dəfə mayın ilk günlərində məhz "İnter" - "Sumqayıt" matçında fərqlənmişdi. Sadəcə, fərq ondadır ki, Vaqif həmin vaxt "İnter Arena"da meydan sahiblərinin futbolçusu idi. İndi isə o, həmin stadionda "Sumqayıt"ın futbolçusu kimi "İnter"ə qol vurub.
Cavadov həmin mövsüm bitəndən sonra, 2004-cü ilin yayında Türkiyəyə yollanaraq 1 il bu ölkənin birinci liqasında çıxış edib. Ötən yay Vətənə qayıdan 26 yaşlı hücumçu "Xəzər Lənkəran"a keçsə də, kluba FİFA-nın transfer qadağı üzündən rəsmən debüt edə bilməyib. Bundan sonra "Qəbələ"yə keçən Cavadov orada da qol vurmağa müvəffəq olmayıb.
Qeyd edək ki, təcrübəli futbolçu indiyədək klublarımızdan "Qarabağ"da, "Bakı"da, "İnter"də, Türkiyədə isə "Qaziantep Böyükşəhir Bələdiyyəspor"la "Boluspor"da qol hesabını açıb.