Azərbaycan Premyer Liqasının daha bir iştirakçısı avrokuboklara vəsiqə qazanıb. Sportnet.az-ın məlumatına görə, çempion "Qarabağ"ın ardınca 3-cü pillədə olan "Kəpəz" qitəmiqyaslı turnirə yüksəlib.
Belə ki, Gəncə təmsilçisi 6-cı yerdə gedən AZAL-dan artıq 10 xal irəlidədir. "Təyyarəçilər" bunu sona 3 tur qalmış aradan qaldıra bilməyəcəklər.
Əslində, 2-ci pillədə olan "Zirə" daha öncədən Avropa Liqasına vəsiqə qazanıb. Ancaq UEFA həm bu komanda, həm də 5-ci pillədə olan "İnter"i müəyyən səbəblərdən avrokuboklara buraxmır. "Zirə"də problem 2 ildir fəaliyyət göstərməsidir ki, avrokuboklarda iştirak edən klub ən azı 3 ildir peşəkar səviyyədə mövcud olmalıdır. "İnter"in isə legionerlərinə borcu olduğundan qarşıdakı 3 mövsümün 1-də avrokuboklardan kənarlaşdırılıb. Düzdür, Bakı klubu UEFA-nın bu qərarıyla bağlı CAS-a şikayət edib və cavab gözləyir. Ancaq hazırkı vəziyyət belədir ki, "Zirə" kimi "İnter" də avrokuboklara gedə bilmir.
Bu halda, çempionatda 4-cü yerlə yanaşı, 6-cı pillənin sahibi də Avropa Liqasına vəsiqə qazanır. Ancaq hazırda 7-ci olan "Neftçi" ölkə kubokunun qalibi olarsa, onda 6-cı pillə Avropa Liqasına çıxa bilməyəcək. AZAL 4-cü pillədə olan "Qəbələ"yə çata bildiyindən, Roman Qriqorçukun komandası vəsiqəni hələ rəsmiləşdirməyib.
Qeyd edək ki, "Kəpəz" avrokuboklarda çıxış edən ilk klublarımızdan olub. Gəncə təmsilçisi qitəmiqyaslı turnirdə sonuncu dəfə hələ 20-ci əsrdə - 2000-ci ildə Çempionlar Liqasında çıxış edib. Onda çempion olan komanda Makedoniyanın "Sloqa Yuqomaqnat" klubuna evdə buraxdığı qolla uduzub - səfərdə 0:1, evdə 2:1.