Elbrus Məmmədovun "Xəzər Lənkəran"da baş məşqçi kimi ikinci dönəmi başa çatıb. Sportnet.az-ın məlumatına görə, ötən il də mövsümün ikinci yarısında iş başında olan 44 yaşlı çalışdırıcı bu dəfə çempionat bitməmiş postundan gedib.
Məmmədov cənubluları cari mövsümdə ümumilikdə 17 oyuna çıxarıb. Bunlardan 15-i Premyer Liqa, 2-si ölkə kuboku matçı olub. Məmmədov çempionatda qələbə qazana bilməyib - 2 heç-heçə, 13 məğlubiyyət (topların fərqi - 2-21). Həmin 2 xal siftədə "Rəvan"la, daha sonra "Qəbələ" ilə səfərdə qolsuz bərabərliklə qazanılıb. "Xəzər Lənkəran" yeganə qələbəni kubokda qazanıb. Bu, "Neftçi" ilə 1/4 final mərhələsinin ilk oyununda Lənkəranda 3:2 hesablı qələbə olub. Ancaq cavab matçında 0:2 hesabı ilə uduzan "ağ-yaşıllar" mübarizəni dayandırıb.
Elbrus Məmmədov "Xəzər Lənkəran"ın çempionatda evdə 7 aydır davam edən qələbəsizlik sindromunu qıra bilməyib. Belə ki, cənub təmsilçisi Premyer Liqada öz meydanında sonuncu qələbəsini hələ ilk dövrədə - 8-ci turda oktyabrın 18-də AZAL üzərində qazanıb - 3:1. Cənub klubunun hesabında çempionatda cəmi 3 qələbə var. Bunlardan birinci debütdə evdə "İnter" (2:0), sonuncusu isə 11-ci turda səfərdə "Rəvan" (1:0) üzərində qazanılıb.