"Azərbaycanda oynamaq fikrim yoxdur. Alınsa, gedib xaricdə oynayacağam. Alınmazsa, futbolla vidalaşacağam. Oynadığımı oynamışam. Daha bəsdir". Bu fikirləri Sportnet.az-a açıqlamasında Azərbaycan milli komandasının sabiq futbolçusu Mahir Şükürov deyib. 2014-cü ilin yayında "Neftçi" ilə müqaviləsini uzatmayaraq Türkiyəyə yollanan təcrübəli futbolçu "Karşıyaka" klubunda çox qalmasa da, müqavilə ilə hələ də bu kluba bağlıdır.
Şükürov xeyli vaxtdır İzmir şəhərində yaşadığını bildirib: "Orada evim var. Azərbaycana gəlib-gedirəm. Türkiyədə biznesim yoxdur. Burada bir-iki işim var. Ən çox Sumqayıtdadır".
Bir ara Mahirin toyuq fermasının olduğu haqda məlumatlar yaylmışdı. Futbolçu da bunu təsdiqləmişdi. Maraqlıdır, bu biznesin aqibəti necə oldu?: "Toyuq ferması artıq mənlik deyil. "Perevod" eləmişəm dayılarıma. Onun dalınca düşmürdüm də. Nə xeyir gəlirdisə, qohum-əqrəba arasında bölünürdü. Sadəcə, bacarmadığım iş idi. Əslində, ondan yaxşı iş də yoxdur. İşi bacarırsansa, çörəyin həmişə var. Gündə 100, 200, 500 toyuq sifarişi olurdu. Artıq toyuq fermasına baş qoşmuram. Qardaşım, dayılarım o işə baxır. Mənimki özümə bəsdir. Əsas onlar qazansınlar".
Şükürovu Sumqayıtı tərk etmək fikrində deyil: "Sumqayıt doğulduğum vətəndir. İnsan da vətənindən qaçmaz. Orda da yaşayıram".