
Azərbaycan Premyer Liqasında mübarizə sona yaxınlaşır. Sportnet.az-ın məlumatına görə, ötən tur gümüş medalçının da adına aydınlıq gətirib. Bu, tarixində ilk dəfə yüksək liqada çıxış etməsini mükafatla qeydə edən "Zirə” olub. Bundan 3 tur əvvəl – 32-ci turda isə "Qarabağ” qızıl medalçı olmasını rəsmiləşdirib.
İş elə gətirdi ki, bürünc medal uğrunda mübarizə aparan üçlükdən ötən tur ən uğursuzu "İnter” oldu. Lakin bu klub yenə mükafata əsas favorit olaraq qalır. Çünki ötən tur 1 xal qazanan "Kəpəz”lə qalib gələn "Qəbələ” şəxsi oyunlarda "bankirlər”dən geri qalırlar. Üstəlik, Zaur Svanadzenin yetirmələri son turda iddiasız "Zirə”ni qəbul edəcək. "Kəpəz”lə "Qəbələ”nin öz aralarında oynaması isə "İnter”in lap işinə yarayır. Hətta elə ola bilər ki, "bankirlər” heç-heçə etsələr belə, çempionatı 3-cü yerdə bitirə bilərlər. Təbii ki, bunun üçün Gəncədə də bərabərlik olmalıdır. "İnter” "Kəpəz”dən şəxsi oyunlarda üstün olduğundan, xallarının bərabər olması ona sərf edir. Ancaq "Qəbələ” ilə balans haqda bunu deyə bilmərik. "Kəpəz” isə "Qəbələ”yə artıq 2 dəfə qalib gəldiyindən, 1 dəfə heç-heçə etdiyindən, ona uduzsa belə, öndə olacaq.
Avropa Liqasına vəsiqə verən 5-ci yer uğrunda mübarizədə "Neftçi” artıq favoritdir. Vəli Qasımovun yetirmələri yaxın keçmişdə 5 xal geridə olduğu AZAL-ı artıq 3 xal qabaqlayır. Deməli, "Neftçi”yə iddiasız "Sumqayıt”a son turda uduzmamaq kifayətdir. Ancaq AZAL "ağ-qaralar”a çatsa, şəxsi oyunlarda daha üstün olduğu üçün həmşəhərlilərini qabaqlayacaq.
Nəhayət, Premyer Liqada qalmağa imkan verən 9-cu yer uğrunda mübarizədə "Rəvan” "Xəzər Lənkəran”dan önə keçib. Bu komandalar arasında 3 xallıq fərq var. Deməli, "Neftçi” kimi Bəhmən Həsənovun yetirmələrinə də son turda heç-heçə sərf edir. Özü də rəqib məhz "Xəzər Lənkəran"dır. Lənkəran təmsilçisi də AZAL kimi rəqibindən şəxsi oyunlarda üstün olduğundan, xalların bərabərliyi halında onu keçəcək. Bu klub "Rəvan”la Lənkəranda hər 2 oyunda heç-heçə edib. "Bayıl Arena”da isə cənubluların qalib gələ bilməsi nikbinliyə əsas verir.
Böyük şairimiz Mrzə Ələkbər Sabir demişkən, "Bu çərxi-fələk tərsinə dövran edir indi". "İnter”in 3-cü, "Neftçi”nin 5-ci, "Rəvan"ın 9-cu yer şansları yaxın keçmişədək çox az idisə, indi onların taleyi öz əllərindəndir və rəqiblərindən aslıı deyillər.