
"İnter"in gürcü qapıçısı Georgi Lomaya cari çempionatda penalti duellərindən qalib ayrılmaq bacarığı ilə seçilir. Sportnet.az-ın məlumatına görə, bu mövsümün ən yaşlı futbolçusu olan 37 yaşlı qolkiper hələ də "qocalmadığını" nümayiş etdirir.
Lomaya 11 metrlik cərimə zərbələri zamanı gözəl reaksiya nümayiş etdirərək rəqiblərinin qol arzusunu gözündə qoyub. Düzdür, Georgi ilk dəfə penalti duelindən qalib ayrılanda onun elə bir əməyi olmayıb. Çünki 7-ci turda məşhur "İnter" - "Qarabağ" oyununun 90+2-ci dəqiqəsində Elvin Məmmədov topu bilərəkən kənarda vurmuşdu. Məlum olduğu kimi, həmin epizodda penaltinin olmadığını görən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov öz futbolçusuna qol vurmamağı göstəriş vermişdi. Nəticədə bu olay təkcə Azərbaycanda yox, ondan kənarda da böyük əks-səda doğurdu və Qurbanovun bu "Fair Play" hərəkəti alqışalayiq sayıldı.
Lomaya legioner limitinə görə ilk dövrədə Səlahət Ağayevin əvəzləyicisi olub. Halbuki, o, komandanın əsas kapitanıdır. Qış fasiləsində Ağayev "Sumqayıt"a keçsə də, "İnter"də Ağayev soyadlı digər qapıçı yer aldı. Bu, Kamran Ağayev idi ki, onun gəlişi ilə Georginin ehtiyatda qalacağı bilinirdi. Kamran çempionatın sonuna yaxın kənarda qaldığı vaxtda isə Lomaya yenidən penaltilərdə səhnəyə çıxdı. O, 32-ci turda "Sumqayıt"la ev oyununun 30-cu dəqiqəsində Ağabala Ramazanovun, 71-ci dəqiqəsində Vaqif Cavadovun 11 metrlik cərimə zərbəsindən qol vurmasına imkan vermədi. 34-cü turda "Xəzər Lənkəran"ın müdafiəçisi Vüqar Bəybalayev Lomaya ilə penalti duelindən məğlub ayrıldı. Bütün bunları "İnter Arena"da reallaşdıran Georgi səfərdə də fərqlənmək bacarığını son turda "Əlincə Arena"da nümayiş etdirdi. Gürcü qapıçı Premyer Liqada ən çox qol vuran azərbaycanlı futbolçu Ruslan Qurbanovla penalti mübarizəsindən qalib ayrıldı. Bu, ümumilikdə cari çempionatda 5-ci dəfə baş verdi.
Bu mövsüm 11 metrlik zərbələrində məharətini göstərən digər qapıçılar "Xəzər Lənkəran"dan Orxan Sadıqlı ("Neftçi"dən Araz Abdullayevin), AZAL-dan moldovalı Stanislav Namaşko ("Xəzər Lənkəran"dan Ağabala Ramazanovun), "Kəpəz"dən litvalı Tadas Simaitis ("İnter"dən Nizami Hacıyev), "Qarabağ"dan bosniyalı İbrahim Şehiç ("Qəbələ"dən Dodo), "Rəvan"dan Rəşad Əzizli (AZAL-dan Nuqzar Kvirtiya), "Sumqayıt"dan Səlahət Ağayev (AZAL-dan Aleksandr Quruli və "İnter"dən Nika Kvekveskiri) olublar. Kvekveskiri Azərbaycan kubokunda Əzizliyə də penaltidən qol vura bilməyib. "Neftçi" və "Qəbələ"nin qapıçıları Aqil Məmmədovla ukraynalı Dmitri Bezotosnı isə çempionatda yox, kubokda oyunsonrası 11 metrliklərdə öz sözlərini deyiblər. Bu, onların Qəbələdə ölkə kubokunun cavab yarımfinal görüşündə olub. Həmin duel zamanı Məmmədov 2, Bezotosnı 1 dəfə penaltidən qalib ayrılıb və nəticədə "Neftçi" finala vəsiqə qazanıb.
Penaltidən qol vura bilməyənlərə nəzər salsaq, Ramazanovun 2 dəfə məyus olduğunu görə bilərik. Ancaq Kvekveskiridən fərqli olaraq, gənc hücumçu hər iki halda Premyer Liqada uğursuzluğa düçar olub. "Sumqayıt"ın qapıçısı penaltilərdə fərqlənməsi ilə təsəlli tapa bilər. Hər halda, Səlahətin uzun illər Lomaya ilə "İnter"də oynadığını nəzərə alsaq, 2-ci ən yaxşı penaltini dəf edən qapıçı olması təəccüb doğurmamalıdır.
Maraqlıdır ki, ən uğursuz zərbə vuranlar arasında "İnter" antirekordçulardandır. Lomayanın yoxluğunda kapitan sarğısını daşıyan Nizami Hacıyev də 11 metrlik cərimə zərbəsini boşa verib. Penaltidə digər uğursuz komanda isə AZAL-dır. Onların gürcü futbolçuları Nuqzar Kvirtiya ilə Aleksandr Quruli penaltini boşa veriblər.
Görünüdüyü kimi, Premyer Liqada çıxış edən gürcü legionerlər əksər hallarda 11 metrlik nöqtədən hədəfi dəqiq nişana ala bilmirlər. Əvəzində onların həmyerliləri Lomaya "O olmasın, bu olsun" filmimizdəki Məşədi İbadın "Mən nə qədər qoca olsam da, min cavana dəyərəm" məşhur kəlməsini təsdiqləyir.