"İlk dəqiqələrdən oyuna köklənə bilmədik. Rəqib bundan yararlanaraq səhvimizdən bizə qol vurdu". Sportnet.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İspaniya U-17-sinin futbolçusu Jordi Mbula deyib.
Onun fikrincə, göstərdikləri əzmkarlıq sonda bəhrəsini verib: "Biz toparlandıq və ikinci hissədə iki qol vuraraq qalib gəldik".
Mbula hesabda 0:1 geridə olarkən qaçırdığı penalıtini belə şərh edib: "Özümə inandım və topu vurmağa götürdüm. Sadəcə, zərbəm dirəkdən döndü, qol olmadı. İkinci penalti olsaydı, yenə topu götürüb zərbəni özüm yerinə yetirəcəkdim".
Hücumçu penaltidən öncə dua etməsini təkzib edib: "Mən dua etmirdim, sadəcə, özümü sakitləşdirirdim. Çünki həmin vaxt psixoloji təzyiq altında idim".
Mbula Portuqaliya ilə qarşıdakı final oyunu haqda düşüncələrini də bölüşüb. O, rəqibini tanıdıqlarını, bir neçə oyununu izlədiklərini bildirib: "Finalda güclü rəqiblə üzləşəcəyik. Artıq bu gündən həmin oyuna hazırlaşacağıq. Belə götürəndə, finaladək heç bir asan rəqiblə görüşməmişik. Hamısı güclü idi və hamısına da qalib gəlmişik. Həmişə hesabı açan biz olmuşuq, sonda isə məğlub olmamışıq. Bu gün isə fərqli durumda idik. Çünki hesabda geri düşdük və artıq ayılmaq vaxtı idi. Zamanında ayıla bildik. Əlbəttə, bugünədək necə qol vurmuşuqsa, rəqibin "quru seriya"sını elə qırmağa çalışacağıq. İnanıram ki, finalda buna nail olaraq qalib gələcəyik".
Qeyd edək ki, Portuqaliya final mərhələsində keçirdiyi 4 oyunun hamısında qalib gəlməklə yanaşı, qol buraxmayan yeganə yığmadır.